• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3472
— 27.06.2016 16:05

Yenidən zibilliyə dönən Gəncə çayı...

Gəncədə bulvar kompleksi yaradılarkən Gəncəçayın məcrası da xusüsi formada yeniləndi. Bulvar boyu çayda sululuğun təmin edilməsi isə ümumən şəhərin gözəllliyinə əlavə çalarlar qatdı. Lakin bir müddət öncə yağan mütəmadi yağışlar, eləcə də insan faktoru bu gözəlliyə müəyyən qədər xələl gətirir. Hansı formada, sujetdən tanış olaq.

Suya atılan tullantılar, meydana gələn qum təpəcikləri və ətrafa yayılan üfunət iyi. Təəssüf ki, Gəncəçayın bulvar ərazisindən keçən hissəsində yaranan mənzərə belədir. Bir müddət əvvəl müşahidə olunan bol sululuğun ardından çay məcrasının müəyyən hissələrində yaranan quru ərazilər, selin özüylə gətirdiyi zibil tullantıları və ağac qırıntılarının yığılaraq qalması şəhər sakinləri və qonaqlar üçün gözə xoş olmayan səhnəyə şahidlik yaradır. Eləcə də ətrafa yayılan xoş olmayan qoxu da bu mənzərəni tamamlayır.       

Heyyət Kərimov- şəhər sakini: "Çay çirklənib. Qoxu oradakı palçıqdan, gildən gəlir. Zibil də var. Yəqin ki, bir çarə tapılar".

Tahirə Sadıqova- şəhər sakini: "Uşaq gəzdirmək istəyirik. Elə yerə kim istəyər uşağını aparsın?! Təmizlik gözəldir".

Heç də ürəkaçan olmayan bu vəziyyət bir tərəfdən suyun azalması ilə bağlıdırsa, digər tərəfdən çay kənarında yaşayanlar, eləcə də gəzinti üçün bulvara gələnlərin “əməyinin nəticəsi” kimi qiymətləndirilir. İstifadə edilən məişət tullantılarının çaya atılması, içilən, yeyilən məhsullarının qabının sularda görünməsi isə heç də sellə əlaqəli deyil. Heç şübhəsiz havaların isti keçdiyi indiki vaxtda çayda pis qoxunun yaranması, ümumi mənzərinin korlanması məhz çayı zibil tumları ilə səhv salanların işidir.   

İradə Zeynalova- şəhər sakini: "Əgər mədəniyyət olsa, zibilləri qaba atarlar, çaya tökməzlər. Gərək insan düşünə ki, bunu etmək olmaz. Zibili ora tökürlər, xəstəlik mənbəyinə çevrilir. Bu cür gözəlliyə xələl gətirirlər".

Elminaz Məmmədova- şəhər sakini: "Uşaqdır gedir oynamağa, necə oynasın? Hər yer zibil. Havalar getdikcə də isinir. Hər kəs istəyir ki, sahildə dincəlsin. Yəni bu düzgündürmü ki, çayın bir sahili gözəl olsun, digər sahili belə".

Elə Gəncədə bulvar kompleksinin yaradılmasında da məqsəd əhalinin istirahətini və asudə vaxtını təmin etməklə, daha çox ictimai yerlərin yaradılmasına təkan vermək olub. Lakin obyektiv və subyektiv amillərin təsiri hərtərəfli istirahət üçün yaradılan şəraiti insanlar üçün əlçatan etmir. Odur ki, yaxın günlərdə bulvarın və çayın yeni istifadəyə verilən dövründə olan görkəmini bərpa etmək üçün işlərə başlanılması planlaşdırılır. Gəncə şəhər İcra Hakimiyyəti başçısının təsərrüfat işləri üzrə müavini Mikayıl Zeynalov yaranan vəziyyətlə bağlı müraciətimizə belə cavab verib. Odur ki, bir az da gözləyək və yaxın günlərdə qismət olsa daha xoş mənzərə ilə növbəti materialımızı təqdim edərik.

Zülfiyyə Telmanqızı