• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3715
— 27.06.2016 16:02

Gəncədə texniki baxışdan keçməyən nəqliyyat vasitələrinə qarşı reydə başlanılıb

Nasaz vəziyyətdə olan və texniki baxışdan keçməyən nəqliyyat vasitələri, daha doğrusu onların sürücülərinə qarşı ciddi tədbirlər görüləcək. Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsi belə bir açıqlama verib və bu cür nəqliyyat vasitələrinin sahiblərinə və sürücülərə xəbərdarlıq edib.

 “Yol hərəkəti haqqında” qanuna  əsasən   “VAZ” “Qaz”, “Moskviç”, “ZAZ”, “UAZ” və digər MDB istehsalı olan minik avtomobilləri üçün texniki baxış  müddəti   yanvarın 1-dən iyulun 1-nə qədərdir.  Yük avtomobilləri və avtobuslar  isə  sentyabrın 1-nə qədər  yoxlamadan keçməlidir. Digər xarici dövlətlərdə istehsal edilən minik avtomobilləri üçün isə sentyabrın 1-dən  oktyabrın 31-ə qədər vaxt təyin olunub. Nəqliyyat vasitəsinin illik texniki baxışdan keçirilməsinə görə avtonəqliyyat vasitələri üçün 20 manat məbləğində, motonəqliyyat vasitələri, qoşqular və yarımqoşqular üçün 10 manat məbləğində dövlət rüsumu ödənilir. Vergi Məcəlləsinə görə isə respublika ərazisində illik yol vergisi avtonəqliyyat vasitələrinin mühərrikinin həcminə görə ödənilməlidir.

   
   

mühərrikin həcmi 2000 kub santimetrədək olduqda

20 manat

3000 kub santimetrədək isə

20 manatdan əlavə  mühərrikin həcminin 2000 kub santimetrdən çox olan hissəsinin hər kub santimetrinə görə 2 qəpik vergi verilir.

həcmi 4000 kub santimetrədək olan mühərriklər  üçün

40 manat + 3000 kub santimetrdən çox olan hər kub santimetrə görə 3 qəpik,

5000 kub santimetrədək olduqda

70 manat + 4000 kub-dan əlavə hər kub santimetrə görə 4 qəpik,

Və nəhayət  həcmi 5000 kub santimetrdən çox olan mühərriklərə görə

110 manat + hər əlavə kub santimetr üçün 5 qəpik vergi ödənilir.

Lakin qanunvericiliyin tələblərini pozaraq avtomobili  texniki baxışdan keçirməyərək istismar edən sürücülər də az deyil. Bu cür nəqliyyat vasitələrindən istifadə etməyin nəticələri isə bəzən çox faciəvi olur.

Rəhim Zalov - Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin rəisi: "Texniki cəhətdən nasaz, istismara yararsız vəziyyətdə idarə edilən nəqliyyat vasitələri yollarda təhlükə mənbəyi olmaqla yanaşı, digər avtomobillərin hərəkəti üçün təhlükə yaradır.  Eyni zamanda bu kimi avtomobillər şəhərin küçə və prospektlərində sıxlıq və tıxac  problemlərinin yaranmasına, eləcə də atmosfer havasının ekoloji cəhətdən pozulmasına səbəb olur”.

"Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən texniki baxış zamanı nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqlar  əsasən tormoz sistemi, sükan idarə mexanizmi, xarici işıq cihazları, qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları, təkərlər və şinlər, mühərriklə bağlı olur. Buna görə də  texniki baxışa getməmişdən əvvəl  maşının bu elementlərinin saz vəziyyətdə olmasına fikir vermək lazımdır. Əks təqdirdə nəqliyyat vasitəsi texniki baxışdan keçməyə bilər.

Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsindən o da bildirilib ki, texniki baxışdan keçməyən nəqliyyat vasitələrinə qarşı bundan sonra da reydlər mütəmadi şəkildə davam etdiriləcək. Qanunvericiliyin tələblərini pozan avtomobil sürücüləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 50 manat məbləğində cərimə olunacaqlar.

Xaliq Qurbanlı