Bu günə xəbərlərin oxunma sayı: 973
— 26.06.2016 18:45

97 illik ordunun dünəni, bu günü və gələcəyi. Hədəfə çatmağa hazırıqmı?

97 illik tarixi olan Azərbaycan Ordusu bu gün öz yaranma gününü qeyd edir. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. O zaman Milli Ordunun ömrü Demokratik Respublikanın ömrü qədər oldu. AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Sovet dövründə azərbaycanlı gənclər hərbi xidmətə çağırılsalar da, onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd aydın idi. Bu siyasətin mahiyyətini yaxşı başa düşən ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də Cəmşid  Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail oldu.

Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra isə ordu quruculuğuna yalnız 1993-cü ildən başlamaq mümkün oldu. İlbəil Orduya ayrılan vəsaitin həcmi artırıldı, maddi-texniki baza gücləndirildi, yeni-yeni silah-sursat və hərbi texnika alındı, ölkədə hərbi sənayenin inkişafına başlanıldı. Məhz bunun nəticəsində Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarət Azərbaycan Ordusu bu gün regionun ən güclü ordusu adını daşıyır.

Ordu quruculuğu dövlətin diqqət mərkəzində olan bir nömrəli məsələdir. Yalnız Silahlı Qüvvələrin müasir silahlarla təchizatı, texniki təminatı deyil, hərbçilərin sosial problemləri də nəzərə alınır və uğurla həll edilir. Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı sərəncama əsasən, indiyədək 900-ə yaxın hərbi qulluqçu müxtəlif regionlarda dövlət vəsaiti hesabına tikilmiş mənzillərlə təmin olunub. Daha yüzlərlə hərbçinin mənzil-məişət problemləri yaxın zamanlarda öz həllini tapacaq. Vətən keşikçilərinin nəinki mənzil, eyni zamanda xidmət şəraiti də yaxşılaşdırılır. Hərbi hissələr, hərbi şəhərciklərdə təmir-bərpa işləri aparılır, yeni hərbi bazalar tikilir. Azərbaycan müdafiə sənayesinin inkişafına da böyük diqqət ayırır. Dövlət sifarişi əsasında hərbi texnika, silah, mühəndis texnikası, ehtiyat hissələri, döyüş sursatları və digər mindən çox adda hərbi təyinatlı məhsullar istehsal edilir. Və indi ölkəmiz hərbi məhsulları həm də ixrac edir.

İlham Əliyev– Azərbaycan Respublikasının Prezidenti: “Ordu quruculuğu prosesi, təbii ki, təkcə maddi-texniki təminatla məhdudlaşmır. Döyüş qabiliyyəti, əsgər-zabit heyətinin mənəvi-psixoloji durumu mühüm yer tutur. Mən tam əminliklə deyə bilərəm ki, bu baxımdan Azərbaycan Ordusu güclü ordular sırasındadır. Döyüş qabiliyyəti artır, orduda mənəvi-psixoloji vəziyyət çox müsbətdir, vətənpərvərlik ruhu, nizam–intizam yüksək səviyyədədir. Əlbəttə, bütün bu amillər bizim hərbi gücümüzü daha da artırır. Mən son illər ərzində dəfələrlə qeyd etmişəm ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və aprel döyüşləri bunu bir daha sübut etdi. Bütün dünyaya sübut etdi ki, bu gün Azərbaycanla hesablaşmaq lazımdır”.

Azərbaycan nəinki iqtisadi və sənaye gücünə malikdir, biz hərbi sahədə də böyük nailiyyətlərə çata bilmişik. Dövlət başçısı əmin edir ki, bu proses daim aparılacaq. Döyüş qabiliyyəti daim təkmilləşməlidir və Azərbaycan qarşıda duran bütün vəzifələri bundan sonra da uğurla icra edəcək. Çünki biz müharibə şəraitində yaşayırıq və uzun illərdir torpaqlarımız işğal altındadır. Azərbaycan Ordusu artıq böyük uğurlara imza atıb. Aprel döyüşləri bunun ən bariz nümunəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, aprel döyüşləri tarixdə bizim böyük hərbi qələbəmiz kimi qalacaq. Bu qələbə ilə düşmən Azərbaycan Silahlı Qüvvələrinin nəyə qadir olduğunu aydın şəkildə gördü və anladı ki, artıq Azərbaycanla hesablaşmaq vaxtı çatıb, bizə heç kim şərt qoya bilməz.

Düzdür, Ordumuz əhəmiyyətli zəfər qazandı, yalnız bir neçə strateji yüksəklik deyil, xalqın qələbəyə inamı da geri qaytarıldı. Əlbəttə ki, bu, hələ yolun başlanğıcıdır. Məqsədə çatmağa uzun yol var. Ona görə də, bilik və bacarıqlar təkmilləşdirilməli, döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılmalıdır. Mütəmadi şəkildə keçirilən hərbi təlimlər də məhz buna hesablanıb. Azərbaycan Ordusu Silahlı Qüvvələr Günü ərəfəsində - iyunun 19-dan 24-dək növbəti dəfə öz gücünü sınaqdan keçirdi. Cəbhə bölgəsində idarəetmə orqanları, birlik, birləşmə, həmçinin hərbi hissələrin cəlb olunduğu operativ-taktiki təlimlərə 25 min nəfərədək şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-a yaxın hərbi aviasiya, 30-dan çox hava hücumundan müdafiə sistemləri və Xüsusi Təyinatlı Qüvvələrin bölmələri cəlb olunub. Əsas məqsəd birlik və birləşmə komandanlıqlarının, qoşunların və döyüş sistemlərinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi, ağır şəraitdə aparılan müasir ümumqoşun döyüşünün hərbi elementlərinin qarşılıqlı fəaliyyəti və döyüş uzlaşmasının səviyyəsinin artırılmasıdır. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun sözlərinə görə, qarşıya qoyulan məqsədə nail olundu:

Zakir Həsənov– Müdafiə naziri: “Hesab edirəm ki, bu yarım ildə 6 ayın nəticəsi olaraq bu təlimlərin qiyməti yüksəkdir. Biz hətta yarım illik döyüş hazırlığının təhlilini keçiririk - bu yarım ildə döyüş hazırlığı necə keçib, hansı nailiyyətlər var, şəxsiyyətin hazırlığı nə səviyyədədir? Və təbii ki, biz bunun hamısını burda təlimlərdə gördük. Bu təlimlərin xüsusiyyətləri nədən ibarətdir? Mənim tərəfimdən baş qərargah qarşısında vəzifə qoyulub ki, bütün təlimlər maksimal olaraq döyüş şəraitinə yaxın vəziyyətdə keçirilsin. Qarşımızda duran düşmən, onun mövqeləri tam cəbhədə düşmənin mövqeyi səviyyəsində qurulub. Praktiki olaraq bu gün bizim şəxsiyyət həmin mövqeləri yarıb keçirdi. Artıq təcrübəmiz var. Biz onu bir saatda darmadağın edib keçdik. Ancaq biz gərək bu təcrübəni təkmilləşdirək və keçən döyüşlərdə bizim qarşımızda hansı vəzifələr durub onları daha yüksək səviyyədə həyata keçirək. Ali baş komandan, möhtərəm cənab Prezident Silahlı Qüvvələrin qarşısında vəzifə qoyub. Və bu vəzifəni yerinə yetirmək üçün biz gərək gecə-gündüz təlimlər keçək və şəxsiyyətin hazırlığını yüksəldək”.

Rəşad Süleymanlı– hərbi ekspert: “Bu, beynəlxalq səviyyədə səslənən fikirdir ki, Azərbaycan Silahlı Qüvvələri özünün həm madii-texniki təminatına, həm insan resurslarına, mənəvi-psixoloji hazırlığına görə, yerləşdiyi ölkədə və Cənub-Şərqi Avropa və Mərkəzi Asiyada ən güclü və ilk “üçlük”də qərarlaşan ordulardan biridir. Azərbaycan Silahlı Qüvvələri 2003-cü ildən aktiv silahlanma prosesi yürüdür, Bu proses çərçivəsində həm MDB ölkələrindən – Rusiya, Ukrayna, Belarus, həm də digər ölkələrdən – Türkiyə, İsrail, Pakistandan, Avropa ölkələrindən – Serbiyadan silahların və texnikaların satın alınması prosesi həyata keçirilir. Bu gün bu fakt danılmazdır ki, Azərbaycan Silahlı Qüvvələri postsovet məkanında ən güclü pilotsuz aviasiya imkanına malikdir. Hansı ki, Azərbaycanın bu gün əlində olan pilotsuz aviasiya 48 saata qədər havada və uzaq mənzildə kəşfiyyat aparmağa imkan verir. Bu gün super dövlət adlandırdığımız Rusiya silahlı qüvvələrinin inventarında hələ ki, belə aparatlar mövcud deyil”.

Təlimlər də göstərdi ki, Prezident, ali baş komandan İlham Əliyev tərəfindən Silahlı Qüvvələrdə bütün istiqamətlərdə aparılan islahatlar öz uğurlu nəticəsini verir. Azərbaycan əsgərinin açdığı atəş hədəfdən yan keçmir. Ordumuz qarşıya qoyulan məqsədə doğru inamla irəliləyir. Və bu uğurlu addımlar bizi QARABAĞA aparır!

Elton Cabbarlı