• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1046
— 25.06.2016 10:16

Günəşdən effektli müdafiə…

Günəşin insanlar üçün müsbət təsirləri çoxdur. Bunlardan ən əsası bir çox xəstəliyin müalicəsində istifadə olunan antibakterial təsirdir. Eyni zamanda Günəşin D vitamininin meydana gəlməsini təmin etmək, istilik və işıq yaymaq, mikrobları öldürmək və insan psixologiyasına müsbət təsir etmək kimi saysız-hesabsız faydaları var. Göstərdiyi müsbət təsirləri ilə bərabər günəşin insana müəyyən zərərlərinin olduğu da hamıya məlumdur. Ozon təbəqəsininin nazikləşməsi artıq insan sağlamlığı üçün təhlükə yaratmağa başlayıb. Əvvəllər yer səthinə yalnız A və B ultrabənövşəyi şüaları çatırdı, indi isə təhlükəli C şüası buna əlavə edilib. A ultrabənövşəyi radiasiyası dərinin dərin təbəqələrinə təsir edir, dərinin erkən yaşlanması və qırışmasına səbəb olur. B şüaları isə dərinin üst təbəqəsinə nüfuz edir və yay aylarında daha çox təsirini göstərir.  Bunun qarşısını almaq üçün ən effektli üsul günəş kremləridir. Tərkibində günəşdən gələn şüaları qoruya biləcək bu vasitələrin yardımı ilə insanlar seçimlərinə əsasən müdafiə oluna bilərlər.

Azad İsmayılov– həkim-dermatoloq:  “Çox zaman insanlar çimərliklərə üz tuturlar. Onlara məsləhətim odur ki, xüsusi saatlarda günəş şüasını qəbul etsinlər. Belə olan halda günəş kremindən yararlansınlar. Bu kremlərdən istifadə etmək daha məqsədəuyğundur”.

Onu da qeyd edək ki, günəş kremindən istifadədə yaş həddi nəzərə alınmayıb. Faktor fərqinə əsasən, uşaqlar və böyüklər rahatlıqla qoruna bilərlər. Əgər alacağınız günəş kreminin faktoru çoxdursa, qaralmaq əvəzinə yalnız müdafiə oluna bilərsiniz. İstəyənlərin isə yayın dəbinə uyğun olaraq, faktoru az olan günəş kremindən yararlanaraq, dəri rənglərini qaralda, həm də günəşdən qoruna bilərlər.

Azad İsmayılov– həkim-dermatoloq: “Əlbəttə bunları apteklərdən və parfümeriya dükanlarından almaq daha yaxşıdır. Çünki bunlar Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunur. Onlardan sprey və ya krem şəklində olanların elə də böyük fərqləri yoxdur”.

Unutmaq olmaz ki, dərimiz bizim ən yaxşı geyimimizdir. Onu qorumaq, yad təsirlərdən müdafiə etmək başlıca vəzifəmizdir.

Almaz Rafiq