Bu günə xəbərlərin oxunma sayı: 1118
— 23.06.2016 18:01

Ölkə ərazisində küllü miqdarda narkotik tapılıb

Dənizdən narkotik tapılıb. Əvvəllər məhkum olunan şəxsin ağ ölüm satdığı məlum olub. Müxtəlif rayonlarda yabanı halda bitən çətənə kolları aşkarlanıb. Sərhədçilər və polislərin ayıq-sayıqlığı bütün bu faktların ortaya çıxması ilə nəticələnib.

Bu dəfə narkotiki polis deyil sərhədçilər, qurudan deyil, sudan tapıblar. Lənkəran rayonunun Balıqçılar qəsəbəsi istiqamətində Xəzərin sahilindən 11 mil məsafədə Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi Cənub şöbəsinin sərhəd gözətçi kateri ilə buylara baxış zamanı 2 bağlamada 476 qram həşişə və 112 qram kokosa oxşar narkotik maddə aşkar olunaraq götürülüb.

Yevlaxda isə əvvəllər məhkum olunan şəxsin narkotik istifadəçisi və satıcısı olduğu ortaya çıxıb. Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Aşağı Salamabad kəndində yaşayan İlkin İsrafilovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 12 kiloqram olan 23 ədəd çətənə kolu, yardımçı təsərrüfatdan isə 11,4 qram marixuana götürülüb. Şəxs narkotiki istifadə ilə yanaşı, satmaq üçün yetişdirdiyini etiraf edib.

Tovuz şəhəri ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 213 kiloqram olan 640 ədəd, Samuxun Yenikənd kəndindənki meşə zolağında ümumi çəkisi 1 ton 155 kiloqram olan 3850 ədəd, Oğuzun Muxas kəndi ərazisində isə ümumi çəkisi 1 ton 228 kiloqram olan 4296 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib.