• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1533
— 23.06.2016 10:09

Azərbaycanda dövlət qulluqçuları peşə bayramlarını qeyd edirlər

Artıq 10 ildir ki, Azərbaycanda dövlət qulluqçuları özlərinin peşə bayramını qeyd edirlər. Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamına əsasən, hər ilin 23 iyun tarixi dövlət qulluqçularının peşə bayramı kimi təsdiq olunub.  

Ölkəmizdə Dövlət qulluğu sahəsində aparılan islahatların ən önəmlisi 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” qanundur. Bu qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.

Müstəqillik illərində Azərbaycanda hüquqi dövlətin qurulması, idarəetmə sisteminin təkmilləşdirilməsi, ölkənin daha yaxşı idarə olunması üçün zəruri tədbirlər görülüb, bir çox strukturlar ləğv edilib və yeni idarəetmə orqanlarının yaradılması prosesi davam etdirilir.

Altay Ələsgərov - Gəncə "Asan xidmət" mərkəzinin direktor müavini:  “Dövlət qulluqçuları Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, inzibati vəzifə tutan Azərbaycan Respublikasının vətəndaşlarıdır. Hər bir şəxs qulluğa daxil olarkən ölkəsinə sadiq olacağına and içir. Onların işində obyektivlik, nəzakətlilik, rahatlıq və məsuliyyət olmalıdır. Vətəndaş rahatlığı olduqdan sonra qulluqçu qarşısında qoyulan vəzifənin yerinə yetirilməsini qeyd etmək olar”.

Ölkəmizdə dövlət qulluqçularının peşəkarlığını artırmaq məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dövlət qulluqçularının hazırlanmasında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçularının peşə səviyyəsinin yüksəldilməsində, dövlət qulluğu məsələlərinə dair elmi-tədqiqat işlərinin aparılmasında mühüm rol oynayır.

Hazırda Azərbaycanda dövlət qurumlarında 30 min 108 nəfər dövlət qulluqçusu çalışır və onların 28,5 faizi qadınlardır.  Azərbaycanda dövlət qulluqçularının yaş tərkibi get-gedə cavanlaşır, daha təcrübəli işçilərlə yanaşı, gənclərə də geniş yer verilir ki, bu da öz müsbət nəticəsini göstərir.

Eşqin Zahid