Bu günə xəbərlərin oxunma sayı: 931
— 21.06.2016 19:03

Ölkədə daşınmaz əmlak sığortasına maraq niyə yoxdur?

Bu gün heç bir vətəndaş ağlagəlməz, bədbəxt hadisədən sığortalanmayıb. Təkcə son illər evinin yanması, partlaması və uçması üzündən onlarla ailə evsiz eşiksiz qalıb, xeyli insan iş yerlərini itirib. Yanğından və digər hadisələrdən mənzilinizi qorumaq istəyənlər də vəziyyətə nəzarəti öz əllərində saxlaya bilər. Bunun üçün isə, optimal çıxış yollu mənzili sığortalamaqdır. Elə son illərdə Sabirabadın kəndləri bir neçə saatın içində sel sularının altında qalmadımı, Şəki-Zaqatala bölgəsində zəlzələ baş vermədimi? Ancaq buna rəğmən ölkədə hələ də çoxları əmlaklarını sığortalamaq barədə düşünmür. Səbəb? Suala cavab axtarmamışdan öncə qeyd edək ki, xarici dövlətlərdə belə hallar sığorta şirkətlərinin köməyi ilə aradan qaldırılır. Amma bizdə belə deyil. Daha dəqiqi, vətəndaşlarımız buna həvəsli deyil. Sakinlər maşınlarını sığorta etdiklərini söyləsələr də,  mənzillərini sığortalamadıqlarını deyirlər.

Mütəxəssislər bu məsələni iki səbəblə açıqlayırlar. Birincisi məlumatsızlıq, ikincisi inamsızlıqla. Çünki bəzi sığorta şirkətlərinin öz öhdəliklərini yerinə yetirməməsi bütövlükdə sığorta bazarına inamı azaldır.

Əmlak sığortasının isə iki növü var: icbari və könüllü. İcbari sığortanın məbləği və sığorta haqqı qanunla müəyyən olunur. Bu göstərici isə bölgələr üzrə fərqlidir. Yəni bu Bakıda fərqli, bölgələrdə fərqli qiymətə həyata  keçirilir.

Daşınmaz əmlakın icbari sığortası əmlakı yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, təbii fəlakətlər - zəlzələ, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi və s. risklərdən sığortalayır.

Xəyalə Mürsəl