Bu günə xəbərlərin oxunma sayı: 918
— 21.06.2016 19:00

Lənkəranda tikinti materialları bazarında durğunluq hökm sürür

Yay ayları tikinti işlərinin artdığı dövr hesab olunur.. Amma bu ilki  tikinti mövsümünə bunu aid etmək olmaz.. Çünki təmir –tikinti  işləri demək olar ki, yoxdur,  fərdi   ev tikdirənlər isə barmaqla sayılacaq qədərdir. Bütün bunlar  tikinti materialları bazarına da təsirsiz ötüşməyib. Mövzu ilə bağlı vəziyyəti əməkdaşlarımız Lənkəranda araşdırıb. 

Tikinti materialları bazarında vəziyyəti öyrənmək üçün üz tutduğumuz  satış obyektində  elə  satıcılardan başqa gözümüzə kimsə dəymədi. Qışda manatın məzənnəsinin dəyişməsi səbəbindən inşaat materialları bazarında durğunluqla üzləşən satıcılar, ümidlərini yay aylarına bağlamışdılar. Hazırda isə satıcıların dediyinə görə,  bir qədər alıcılıq qabiliyyəti artsa da, ümumilikdə isə vəziyyət yenə də ürəkaçan deyil. Əsas səbəb kimi isə  rayonda əvvəlki mövsümlərə nisbətən tikinti işlərinin azalması göstərildi.

Əliyev Cavanşir- satıcı: “Düzdür, indi tikinti işləri olmasa da, xırda təmir işləri var. 1 qutu boya alır, yaxud  kafel- metlak yapışdırır 1-2 kv. Camaat daha yeni tikintiyə getmir, köhnə yaşayış evlərini təmir edirlər”.

Satıcılar deyir ki,  xarici tikinti materialları son aylar baha gəlib çıxdığından,  qiymət artımına görə də əksər alıcıların cibinə uyğun olmadığından idxalını azaldıblar. Yalnız tək-tük istəyən olduğu halda sifarişlə gətirirlər. Yerli tikinti materiallarının qiyməti isə elə əvvəlki aylarda olduğu kimidir.   

Əliyev Cavanşir- satıcı: “Sement, dəmir, taxta materialları hamısı öz qiymətindədir. Əgər şifir 6 manat olubsa, yenə 6 manatdır, armatur 250 manat olubsa bu gün yenə həmin qiymətdir. Sement 4 manatdır, yerli istehsaldır deyə əlavə xərclər olmadığına görə maya dəyəri aşağı düşüb”.

Amma bununla belə yenə də bazarda alıcı qıtlığı yaşanır. Bənnalar, ustalar da yaranan durğunluğu təsdiqləyir. Fərdi ev tikintisinin xeyli azaldığını  deyən ustalara müraciətlər daha çox kiçik təmir-bərpa işləri ilə bağlı olur.

Nahid Şükürov- usta: “Keçən il çox tikinti var idi. Amma qaldı ki, bu il çox zəifdi. Yay mövsümündə olan tikintilər yalnız ev təmirləri gedir”.

Lənkəran rayon Statistika İdarəsindən aldığımız məlumata görə, bu ilin 5 ayı ərzində fərdi yaşayış evinin tikintisi  əvvəlki ilə nisbətən  0,4 faiz artıb. Özəl müəssisələrin tikintisində isə azalma müşahidə olunur.

İnanırıq ki, iqtisadi imkanları böyük olan ölkəmizdə bölgələrin tikinti sektorunda dinamika artacaq, habelə fərdi yaşayış evlərinin tikintisi  yüksələcək.  

Pərvanə Əliyeva