• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1543
— 18.06.2016 10:08

Mübarizəni bitirmə, rəqibi zərərsizləşdir!

İvan Şakirov məşq etdiyi zalda onun çəki kateqoriyasında yalnız müəllimi ilə mübarizə aparmalı olur. Təbii ki, bu qeyri-bərabər döyüş olsa da, gənc idmançı üçün müsbət cəhətləri var. Belə ki, 2 ay idmanla məşğul olan İvan ilk müsabiqəsində qızıl medal qazana bilib.

İvan Şakirov- Cui-Citsu ilə məşğul olan: “Yarışda əvvəlcə bir az həyəcan var idi. Çünki rəqibimi tanımırdım və onunla ilk dəfə qarşılaşırdım. Ona görə də, meydanda ilk iki dəqiqə bərabər keçdi. Sonra özümü topladım və qalib gəldim”.

Həştərxan komandası yarışda 100% nəticə göstərə bilib. Buna səbəb isə 9 çəki dərəcəsi uğrunda mübarizədən 9 medal qazanmalarıdır. Əldə olunan medalların hamısı qızıl olmasa da, bu olduqca yüksək nəticədir. Qeyd edək ki, yarışda iştirak edənlər 4 qızıl, bir gümüş və 4 bürünc medalla geri qayıdıblar.

Stanislav Artamanov-məşqçi: “Bu azyaşlı idmançılar bir-birlərini tanıyırlar və kimin nəyə qadir olduğunu hamı bilir. Lakin yarışda bütün Həştərxan vilayəti toplaşmışdı və idmançılarımızın həyəcanlı olması normal idi. Bütün bunlara baxmayaraq onlar mübarizə aparıb qalib gələ bildilər”.

Həştərxan vilayətində bu idman növü yeni yaranmağa başlayıb.  6 ildir peşəkar məşqçi tərəfindən tədris olunan Cui-Citsu idmanı Cüdo ilə oxşarlıq təşkil edir. Cüdodan fərqli olaraq, burda rəqiblə mübarizəni bitirmək yox, onu tam zərərsizləşdirmək tələb olunur. Bunun üçün isə ağrıverici və boğucu fəndlər tələb edilməlidir.

Vladimir Dulepov - Cui-Citsu ilə məşğul olan: “Bir dəfə mən məşqlərə dostumla gəldim. Bir neçə gündən sonra bu idman növü xoşuma gəldi. Anam mənə üzgüçülük və ya başqa idmanla məşğul olmağı məsləhət bilsə də, mən bunu istəmirəm”.

Azyaşlı idmançı qərarını verdi və turnirdən qızıl medalla qayıtdı. Məşqçi Stanislav Artamanov hər zaman şagirdlərinə dözümlü olmağı və ümidsizliyə qapılmadan mübarizə aparmağı öyrədir. Bu da öz nəticələrini verir.

Bir neçə aydan sonra klub vilayət üzrə idman federasiyası statusu əldə edəcək ki, bu da onların daha mötəbər yarışlara qatılmalarına imkan yaradacaq. İdmançıların bölgə üzrə turniri isə cari ilin ikinci rübündə keçiriləcəyi planlaşdırılır.

Eşqin Zahid