Bu günə xəbərlərin oxunma sayı: 940
— 14.06.2016 21:07

Pərakəndə ticarətlə məşğul olan sahibkarın iş strategiyası necə olmalıdır?

Digər sahələrdən fərqli olaraq pərakəndə ticarətdə gəlirlilik aşağıdır. Ona görə bu işlə məşğul olan sahibkarlar işi daha səmərəli qurmalıdır. Bunun üçün xarici təcrübəyə əsaslanaraq bir məhsul üzrə ixtisaslaşmış mağazalar olmalıdır. Marketoloq İlkin Manafov bu cür düşünür.

Azərbaycanda biznesin bütün sahələri, o cümlədən pərakəndə ticarət şəbəkələri digər ölkələrin analoqlarından fərqlənir. Marketoloq İlkin Manafov bu fərqi Azərbaycanın yeni müstəqillik əldə etməsilə əlaqələndirir.

İlkin Manafov- iqtisadçı: "Azərbaycan bu gün bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərdiyi üçün, buradakı supermarketlərdə müştərilərin istədikləri məhsulları onlara vermək, müştəri məmnuniyyəti üzərində daha ciddi işləmək və ümumi olaraq pərakəndə şəbəkələrin əsas fəaliyyətlərində olan mənfəətin yüksəldilməsi üzərində ciddi işlər aparılmalıdır. Çünki, pərakəndə ticarətin digər biznes sahələrindən fərqi ondan ibarətdir ki, bu sahədə mənfəət faizi hər zaman aşağı olur".

Mənfəət faizinin aşağı olması pərakəndəçilər qarşısında işin son dərəcə daha effetktiv, daha səmərəli qurulmasını labüd edir. Amma təəssüf ki, bəzi pərakəndə ticarətçilər xarici ölkələrdəkindən tam fərqli alternativ çıxış yolları axtarır.

İlkin Manafov- iqtisadçı: “İlk öncə qeyd etmək lazımdır ki, xarici ölkələrlə Azərbaycanın fərqi ondan ibarətdir ki, Azərbaycanda çox təəssüf ki, bir kateqoriyaya xidmət edən pərakəndə şəbəkələr yox səviyyəsindədir. Əgər Almaniyada və yaxud Amerikada hansısa konkret bir məhsulun üzərində ixtisaslaşmış şəbəkələr varsa, Azərbaycanda sırf - deyək ki, şərab və ya çörək satan, hansısa vahid kateqoriyaya xidmət edən pərakəndə şəbəkələr yox səviyyəsidədir”.

İlkin Manafov deyir ki, araşdırmalara görə, "Maksimum - hər şey satmağa çalışmaq" kimi yolu üstün tutan şəbəkələrin xaricdəki eyni şəbəkələrlə müqayisədə effektivlik faizi daha aşağıdır. Çünki, onlarda personalın ümumi xərclərdəki faizi, obyektin icarə xərci yüksək olur.

İlkin Manafov- iqtisadçı: “Biz hesab edirik ki, ölkəmizdə pərakəndə şəbəkələrin inkişaf etdirilməsi üçün ən vacib istiqamətlərdən biri də brend anlayışıdır. Bu gün pərakəndə şəbəkələr öz brendlərini qurmalıdırlar. Onlar mağaza daxilində özlərinə xas olan brendləri təqdim etməklə daha yüksək mənfəət əldə edə bilərlər. Həmçinin, qeyd etmək lazımdır ki, pərakəndə şəbəkələrdə siarem sistemi, müştərilərlə əlaqələrin düzgün təşkil edilməsi çox vacibdir. Əlbəttə bu sahədə xarici ölkələrdə vergidən yayınma halları bizim ölkə ilə müqayisədə daha azdır.

Müsahib vergidən yayınma hallarının çoxluğunu ölkəmizdə sahibkarlığın yaşının az olması ilə əlaqələndirir. O deyir ki, işini düzgün quran sahibkar heç vaxt vergidən yayınma haqda düşünməz. Ən əsası isə, vergidən yayınma halları uzunmüddətli perspektivdə heç bir sahibkara xeyir gətirə bilməz. Nəzərə almaq lazımdır ki, vegidən yayınma tək cinayət deyil, həm də cəmiyyətə bir zərbədir.

Xəyalə Mürsəl