• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2158
— 18.10.2014 14:26

Gəncə şəhər Onkoloji Xəstəxanasında müayinə və müalicə üçün maddi texniki baza yenilənib

Qərb bölgəsində onkoloji xəstələrin sayı son 9 ay ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artıb. Gəncə şəhər Onkoloji Xəstəxanasında müayinə və müalicə üçün maddi texniki baza yenilənib.

Gəncə şəhər Onkoloji Xəstəxanasında cari ilin müvafiq dövründə 342 nəfərdə ilkin onkoloji xəstəlik aşkar edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 nəfər çoxdur. İlkin qeydiyyata alınanlar əsasən 40-60 yaş arası olan xəstələrdir. Kişilərdə əsasən ağciyər xərçənginə, qadınlarda isə ginekoloji xərçəngə çox rast gəlinir. 

Namiq Piriyev- Gəncə şəhər Onkoloji Xəstəxananın şöbə müdiri: “10 faiz ötən illə müqayisədə artım müşahidə olunub. Bu artım da təbii haldı. Bütün dünyada olduğu kimi Azərbaycanda da həmin artım müşahidə olunur. Bu xəstəlik orta hesabla 50 faiz qadınlarda, 50 faiz də kişilərdə rast gəlinir”.

Tibb müəssisəsində onkoloji xəstəliklərin müayinəsi və müalicəsi üçün maddi texniki baza da yenilənib. Bu da xəstəliyin vaxtında aşkar edilməsinə və müalicənin uğurlu həyata keçirilməsinə imkan yaradır.

Namiq Piriyev- Gəncə şəhər Onkoloji Xəstəxananın şöbə müdiri: “Gəncə şəhər Onkoloji Xəstəxana təmir və təchiz olunub. Bura yeni avadanlıqlar gətirilib. Hal-hazırda bizdə şüa terapiya şöbəsi də fəaliyyət göstərir. Şöbə müasir avadanlıqla təmin edilib. Bu da xəstələri Bakıya da yox, Gəncə şəhərində də şüa terapiyanı aparmağa imkan verir”.

Mütəxəssis bildirir ki, onkoloji xəstəlikdən qorxmaq yox, qorunmaq lazımdır. Bunun üçün də vaxtında müayinə və müalicə vacib amildir.

Elnur Vahidoğlu