Bu günə xəbərlərin oxunma sayı: 910
— 07.06.2016 18:49

Ölkə turizminin prioritet istiqamətləri nədən ibarətdir?

İstirahət mərkəzləri və otellər yay istirahət mövsümü yaxınlaşdıqca hazırlıqlarını başa vurmağa və daha sərfəli şərtlərlə qonaqları cəlb etməyə çalışırlar. Son illərin təcrübəsi göstərdi ki, bölgələrdə dincəlməyə gələnlər mənzərəli yerlərə daha yaxın, eyni zamanda qiyməti daha ucuz obyektlərə üstünlük verirlər.

İstər qiymətlərin sadə insanlar üçün əlçatan olması, istərsə də xidmət keyfiyyətinin artırılması hazırda turizm sahəsinin prioritet istiqamətidir. Çünki turistlər üçün gedəcəyi yerin gözəlliyi, mənzərəsi ilə yanaşı, xidmət və qiymətlər də çox mühümdür. Hazırda Lənkəranda 15 turizm obyekti fəaliyyət göstərir ki, onların sırasına artıq hostellər də daxildir. Məhz hostellərin yaranması və otellərin sayının artması son zamanlar bu sahədə qiyməti tənzimləyən əsas amillərdən sayılır.

İlqar Əzimov –Turizm informasiya mərkəzinin direktoru: “2016-cı ildə Lənkəranda 3 otel, 2 hostel yaradılıb. Bu da təbii ki, onlar arasında rəqabətə səbəb olur. Beləliklə də qiymət aşağı düşür”.

Hazırda bir turistin Lənkəranda gecələməsi üçün qiymət xidmətin səviyyəsindən asılı olaraq 15-40 manat arasında dəyişir.

Ağasif Quliyev – otel meneceri: “Mənim təmsil etdiyim oteldə bir gecəlik qalma səhər yeməyi də daxil olmaqla 25 manatdır. 1 günlə 10 gün qalmağın da qiyməti eyni deyil. Çox qalanda endirimlər də edilir”.

Hostellərdə isə bu qiymət səhər yeməyi də daxil olmaqla 15 manatdır. Bu gün həllini tapmalı olan əsas məsələlərdən biri infrastruktur və vaxtın səmərəli təşkil olunmasıdır. Çünki bölgələrdəki otellərdə gələn turistlərin qarşılanmasından tutmuş, bələdçilərlə təmin olunması, əyləncələrinin təşkili məsələsi hələ ki, zəif təşkil olunub.

Vamiq Babayev – turizm üzrə mütəxəssis: “Hal-hazırda Lənkəranda bütün xidmətlərin təşkil olunduğu otel yoxdur. Turist ancaq elə gündüz gəzir, axşam da dincəlmək üçün otelə qayıdır”.

Ekoturizmin inkişafı istiqamətində də  rayonlarda müəyyən canlanma var. Meşələrə və dəniz sahili kəndlərdə dincəlməyə üstünlük verənlər məhz kəndlərə üz tutur.. bu həm də onlara daha ucuz başa gəlir.

Amma onu da  qeyd etmək yerinə düşər ki,  kənd ev sahibləri turistlərə müvafiq xidmətlərin göstərilməsinə hazır olmalıdırlar. Bunun üçün isə kənd sakinlərinə elementar turizm təhsilinin keçilməsinə, daha doğrusu, maarifləndirməyə böyük ehtiyac var. Son olaraq toxunulası məqam isə bir çox istirahət mərkəzlərinin şəhərdən uzaq yerləşməsi və bura gedən yolların çətinlik yaratmasıdır. Əvvəllər bununla bağlı Astara, Lənkəran və Lerikdə vəziyyət acınacaqlı sayılacaq vəziyyətdə idisə, son zamanlar bu sahədə effektiv irəliləyişlər əldə olunub.

Məhəmməd Rzayev