• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 970
— 04.06.2016 10:11

Xəzəryanı bölgələrin turizm perspektivləri...

Naqina Yermuxanova– müəllim:  “Əgər mənim Bakıya getmək şansım olsaydı, onda böyük məmnuniyyətlə ailəm və yaxınlarımla oranı ziyarət edərdim. Məncə, bu çox maraqlı olardı”.

Naqina Yermuxanovanın yay tətilini bu il Bakıda keçirmək arzusuna baxmayaraq, o, başqa bir istirahət məkanı seçməli olacaq. Buna səbəb isə Bakı-Həştərxan reysinin olmamasıdır. Eyni zamanda digər ölkələr üzərindən uçmaq da mümkün deyil. Təbii ki, avtobus və ya qatarla səyahət mümkün olsa da, bu, həm zaman baxımından, həm də digər səbəblərdən əlverişli deyil. Xoş xəbər ondan ibarətdir ki, hazırda İran, Azərbaycan və Türkmənistan kimi Xəzərətrafı regionlarla hava nəqliyyatı vasitəsi ilə sərnişin daşıma məsələləri üzrə müzakirələr gedir.

Denis Afanasyev- Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri: “Türkmən həmkarlarımızla apardığımız danışıqlardan sonra məlum oldu ki, avqust ayında Aşqabad hava limanının təmiri bitdikdən sonra reyslər bərpa olunacaq. İranla isə artıq danışıqların sonuncu mərhələsindəyik. Ümid edirəm ki, iyul ayından məqsədimizə nail olacağıq”.

Viza rejimi isə yalnız Türkmənistan ilə müəyyən problemlər yaradır. Turizm agentlikləri bildirirlər ki, bu ölkəyə icazə almaq Avropaya səyahət zamanı tələb olunan “Şengen” vizasını əldə etməkdən də qəliz məsələdir. Eyni zamanda kifayət qədər sadə şərtlərlə İrana getmək mümkün olduğu kimi, Azərbaycan və Qazaxıstana, ümumiyyətlə vizasız uçmaq olar.

Nataliya Morozova- Turizm agentliyinin nümayəndəsi: “Deyə bilmərik ki, Xəzəryanı bölgələrdə istirahət şərtləri yüksək səviyyədə təşkil olunub. Buna görə də bu bölgəyə turistlərin marağı hələ ki, elə də çox deyil”.

Bütün bunlara baxmayaraq, Həştərxandan Bakıya gedən turistlər də var. Balaca məktəbli turistlər orda yay düşərgələrində olublar və bölgə haqqında müəyyən təəssürata sahibdirlər.

Varvara Şironova- məktəbli: “Biz Türkiyədə olarkən orda dəniz daha təmiz idi və o, qumlu və daşlı sahillə əhatələnmişdi. Bakıda olarkən qaldığımız oteldən bizə qolbağı verdilər ki, bu da çimərliyə yalnız oteldə qalanların buraxılması üçün idi”.

Qeyd edək ki, bu istiqamətlərdə bir çox planlar nəzərdə tutulsa da, aviareysin təşkili işində hələ ki, Həştərxan daha çox maraqlı görünür. Əgər belə bir layihə həyata keçərilərsə, Xəzəryanı ölkələr arasında iqtisadi-mədəni münasibətlər daha da güclənəcək.

Eşqin Zahid