• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2267
— 17.10.2014 19:07

Ölkə başçısı və xanımı Daşkəsən rayonunda bir sıra açılışlarda iştirak ediblər

Bu gün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Daşkəsən rayonunda səfərdə olub. Səfər çərçivəsində dövlət başçısı və xanımı rayonda bir sıra açılışlarda iştirak ediblər.
Dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva ilk olaraq ümummilli lider Heydər Əliyevin Daşkəsənin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər. Prezidentə rayonda görülən abadlıq işləri barədə məlumat verilib. Sonra Prezident və xanımı Daşkəsəndə Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər. Məlumat verilib ki, mərkəzdə gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmalarına, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönələn kurslar təşkil ediləcək. Bunun üçün internet sinfi, elektron kitabxana və kompyuter mərkəzi qurulub. Məktəblilərin Azərbaycanın zəngin tarixini dərindən öyrənmələri üçün xüsusi dərnəklər də mövcuddur.

Dövlət başçısı və xanımı Daşkəsən Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olublar. Üç mərtəbədən ibarət bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib. Dövlət başçısı otaqlarda yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, otaqların hamısı müasir tələblər səviyyəsində qurulub, burada bütün texniki imkanlar yaradılıb. Bu da icra strukturunun işinin daha mükəmməl qurulmasına, rayon icra hakimiyyəti əməkdaşlarının səmərəli fəaliyyətinə geniş imkan yaradır.

Daha sonra Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Daşkəsəndə yeni avtovağzal kompleksinin açılışında iştirak ediblər. Dövlət başçısına məlumat verilib ki, müasir memarlıq üslubunda inşa olunan avtovağzalın tikinti sahəsi 500 kvadratmetrdir. Ərazisi bir hektara yaxın olan avtovağzal kompleksinin tikintisinə 2013-cü ilin martında başlanılıb və bu ilin oktyabrında başa çatdırılıb. Daşkəsəndə Gənclərin Təlim və İstirahət Mərkəzinin açılışını da edən dövlət başçısı və xanımına məlumat verilib ki, ərazisi 2250 kvadratmetr olan mərkəz respublikada ən böyük gənclər mərkəzlərindən biridir. Binanın birinci mərtəbəsində stolüstü oyunlar zalı və kafe bütün lazımi avadanlıqla təchiz olunub. Binanın ikinci mərtəbəsində mehmanxana fəaliyyət göstərəcək. Prezident İlham Əliyev açıq havada quraşdırılan idman qurğuları ilə də tanış olub. Burada futbol, basketbol və voleybol meydançaları var. Dövlət başçısı görülən işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.