• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2040
— 17.10.2014 19:47

Yaponiyalı səfir Gəncə şəhər TTYX-nın cərrahiyyə şöbəsinin təmirindən sonra açılış mərasiminə qatılıb

Qərb bölgəsinin 1 milyondan artıq sakininə xidmət edən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının daha bir şöbəsi təmirdən sonra istifadəyə verilib. Cərrahiyyə şöbəsinin açılış mərasiminə Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Tsuquo Takahaşi də qatılıb.

Yaponiyanın ölkəmizdəki səfirliyi tərəfindən maliyyələşdirilən, “Gənc Liderlər” TTİİB-nin Qrant layihəsi çərçivəsində Cərrahiyyə şöbəsində təmir işlərinə ötən ildən başlanılıb. Əsaslı yenidənqurmadan sonra istifadəyə verilən şöbə müasir tibb avadanlıqları ilə təchiz olunub. Açılış mərasimində çıxış edən Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşinin sözlərinə görə, bu, Gəncədə səfirliyin həyata keçirdiyi 12-ci layihədir.

Tsuquo Takahaşi- Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri: “Tibbi xidmətin yaxşılaşdırılması insanların gündəlik həyatı üçün çox önəmlidir. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya və reanimasiya şöbələrindən sonra cərrahiyyə şöbəsinin təmiri səfirliyin buradakı üçüncü layihəsidir və əminəm ki, cərrahiyyə şöbəsi də bu xəstəxanaya öz töhfəsini verəcək”.

Sözügedən layihə də daxil olmaqla, Yaponiya ilə Azərbaycan arasında imzalanan qrant müqavilələrin sayı 189, dəyəri 15 milyon dollardır.

Səbinə Ələkbərova– “Gənc Liderlər” TTİİB-nin sədri: Bu, təşkilatımızın Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi 4-cü layihəsidir. Bundan öncə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya və travmatologiya şöbələri əsaslı təmir olunub. Həmçinin Samux rayonunun Qırmızı Samux kəndində tibb məntəqəsinin inşasına nail olmuşuq”.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanası Gəncə və 9 ətraf rayonun təxminən 150 min sakininə xidmət göstərir.

Aymirə İsmayılqızı