Bu günə xəbərlərin oxunma sayı: 895
— 31.05.2016 18:42

Siyəzəndə quş əti istehsalına maraq azalıb

Ölkədə quş əti istehsalında lider rayonlardan olan Siyəzəndə bu sahəyə maraq azalıb. Bir neçə il əvvəl Siyəzəndə istehsal olunan quş əti nəinki rayonun ət təminatını ödəyirdi, həm də daxili təlabatı 3.5 dəfə üstələyirdi. Hazırda isə vəziyyət fərqlidir. Rayonda 10-15 min başadək quş saxlayan bəzi sahibkarlar indi bu göstəricini 3-5 minə saldıqlarını deyirlər. Göstəricinin aşağı düşməsinə səbəb kimi isə sahibkarların bu sahədən az gəlir götürməsi göstərilir.

Seymur Zeynalovun 10 ilə yaxındır quşçuluq təsərrüfatı var. Sahibkarın quş sexlərində eyni vaxtda 15 min cücə saxlamaq mümkündür. Lakin hazırda müəssisədə 8 min baş quş yetişdirilir. “Serebriz” növündən olan bu cücələr həm ətlik, həm də yumurtalıq istiqamətində yüksək məhsuldarlığı ilə seçilir. Təsərrüfatçı bildirir ki, məhsuldarlığın yüksək olmasına baxmayaraq, bu sahə əvvəlki kimi gəlirli deyil.

Sahibkar onu da qeyd etdi ki, ötən ilədək 15 min cücənin vaksinasiya işləri, dərman və vitaminlərlə təchiz olunması 1000 manat xərc aparırdısa, hazırda bu rəqəm təxminən 2500-3000 manat təşkil edir. Yem məhsullarının qiymətində isə nəzərəçarpacaq dərəcədə artım olması quş əti istehsalı sahəsinin zəhmətkeşlərini çətinə salıb. Sahibkarlar həmçinin quşların yemlənməsində istifadə olunan və qida rasionunun əsasını təşkil edən soya bitkisindən alınan yemi də baha aldıqlarını bildirirlər.

Bununla yanaşı məhsulun alıcılıq qabiliyyəti də çox aşağıdır. Zəhmətkeş əvvəl sexindəki bütün cücələri 10 günə satırdısa, indi bu proses təxminən bir ay davam edir.

Siyəzən rayonunun Beşdam kəndində bir neçə il öncə bu istiqamətdə ixtisaslaşan 30-dan çox təsərrüfat mövcud olub. Hazırda onların sayı 50-60 faiz azalıb.

2014-cü ildə Siyəzəndə quş əti istehsalı 21 min ton təşkil edib. 2016-cı ilin 1 yanvar tarixinə olan məlumata görə isə rayon sahibkarları tərəfindən 18,9 min ton quş əti hasil edilib. Bu ilin əvvəllərində rayonda 50-dən artıq fiziki şəxs bu fəaliyyət növü ilə məşğul olurdusa hazırda bu rəqəm xeyli azalıb.

Sərvər Abdullayev