• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2194
— 17.10.2014 14:23

Taxıl səpini zamanı hansı qaydalara riayət etmək lazımdır?

Hazırda qərb bölgəsində taxıl səpini prosesi həyata keçirilir. Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə İnstitutunun əməkdaşları da mövsümlə əlaqədar dənli və dənli paxlalı-bitkilər üzərində elmi tədqiqat işləri aparmaq məqsədilə taxıl səpini aparıblar.

İnstitutun  tabeliyində olan 8.2 hektar sahədə Qobustan və Əkinçi 84 taxıl sortları əkilib. Məqsəd həm qərb bölgəsi, həm də respublika üzrə taxıl bitkilərində mövcud ola biləcək zərərvericilərin və xəstəliklərin aşkar edilməsi, onlara qarşı mübarizə tədbirlərinin müəyyən edilməsidir.  İnstitutun mütəxəssisi Sahib Cabbarov fermerlərə səpindən öncə toxumun dərmanlanmasını məsləhət görür.

Sahib Cabbarov- AETBMİ-nun elmi işlər üzrə katibi: "Dərmanlamada əsas məqsəd, birinci növbədə toxumla keçən xəstəliklər var, xüsusilə sürmə xəstəlikləri -çox təhlükəli xəstəliklərdən hesab olunur və torpaqda bir çox göbələk sporları və zərərvericilər var ki, bunlar toxum cücərən anda artıq qida mənbəyi kimi toxumu yeməməsi üçün mütləq toxum dərmanlanmalıdır".

Mütəxəssislər bu il taxıl əkini üçün torpaqda kifayət qədər nəmliyin olduğunu da bildirirlər.

Torpaqda nəmliyin olub-olmadığını primitiv formada fermerlər belə müəyyən edə bilərlər. Əkin aparmaq istədiyiniz sahədə 5-10 sm dərinlikdən torpağı götürüb boyunuz hündürdə yuxarı atırsınız. Əgər yerə düşən torpaq parçalanırsa quru, parçalanmırsa o zaman torpaqda kifayət qədər nəmlik var  və siz əkininizi apara bilərsiniz.

Quru torpaqlarda suvarma işlərini səpindən 10 gün öncə və ya səpindən dərhal sonra aparmaq lazımdır. Qərb bölgəsi üçün əlverişli səpin  vaxtı isə oktyabrın 15-dən noyabrın 5-nədəkdir.

 

Aidə Ramizqızı