Bu günə xəbərlərin oxunma sayı: 1388
— 17.10.2014 11:57

Qərb bölgəsində ilk dəfə Surdopedaqoq kursları fəaliyyətə başlayıb

Müşahidələr göstərir ki, eşitmə və danışma qabiliyyəti məhdud insanların təlim-tərbiyəsi və təhsilində problemlər yaşanır. Belə insanlar, xüsusi ilə də uşaqlarla dil tapmaq, onların istək və arzularını anlamaq üçün mütəxəssis köməyinə ehtiyac duyur. Əlillərin cəmiyyətə inteqrasiyası üçün bir sıra layihələr həyata keçirən "Əlil qadınlar cəmiyyətində" qərb bölgəsində ilk dəfə olaraq "Surdopedaqoq kursları" fəaliyyətə başlayıb.

Kurslar eyni problemi yaşayan Nərmin Məmmədhüseynova tərəfindən aparılır. O, uşaq yaşlarından Rusiyanın bir çox xüsusi internat və məktəblərində təhsil alıb. Xüsusi tədris proqramı vasitəsilə Nərmin belə əlilliyi olan gənclərə jestlər vasitəsi ilə danışmağı, saymağı və yazmağı öyrədir. Həmsöhbəti olduğumuz Nərminin atası Namiq bəy deyir ki, bu problemlə rastlaşan valideynlər mütəxəssis köməyinə mümkün qədər tez müraciət etməlidirlər.

Namiq Məmmədhüseyinov- Nərminin atası: “Mən 4 yaşında qızımı ora apardım. Mənə dedilər ki, siz gecikmisiniz. Belə uşaqlarla 3 yaşından, hətta daha tez- yeriməyə, dil açmağa başladığı müddətdən məşğul olmaq lazımdır. Bu problemlə qarşılaşan valideynlərə demək istəyərdim ki, övladlarını gizlətməsinlər, cəmiyyət içərisinə çıxarsınlar. Çünki, sonra gec ola bilər".

Təbii ki, dərs zamanı müəyyən çətinliklərlə də yaranır. Tədris prosesində yaranan ən əsas problem isə, eşitmə və danışma qabiliyyəti məhdud insanlar üçün dərs vəsaitlərinin az olmasıdır.

Gülnar Fazilqızı