• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1858
— 17.10.2014 12:02

Nizami Gəncəvi Muzeyi xarici və yerli turistləri eksponatları ilə heyran edir

Ötən mövsümdə Gəncə şəhərində yerləşən Nizami Gəncəvi Muzeyinə gələn xarici  turistlərin sayı 350 nəfərə kimi artıb. Muzeyə şairin bir çox xarici ölkə universitetlərinin kitabxanalarında qorunan əlyazmaları da gətirilib ki, bu qonaqların diqqətini daha çox cəlb edir.

Muzey açılan vaxtdan 6 ay ərzində yerli vətandaşları,  eyni zamanda  xarici turistləri eksponatları ilə heyran edib. Qeyd edək ki, xaricdən gələnlərin içərisində ictimai dövlət xadimləri ilə yanaşı alimlər də olub. Burada dahi şairin 800, 840 illik yubileyləri münasibətilə nəşr olunan kitab və monoqrafiyalar nümayiş etdirilir.

Təranə Verdiyeva- AMEA-nın Gəncə bölməsinin kiçik elmi işçisi: “Muzey yeni açıldığı üçün hələ ki, eksponatlar azlıq təşkil edir. Gələcəkdə muzeyimizə gələn ziyarətçilərin müraciətlərinə uyğun olaraq, eksponatların, xüsusilə də Nizami Gəncəvinin özünün şəxsi əşyaları və əlyazmaları əldə olunarsa, onların da gətirilməsi nəzərdə tutulur”.

Şairin 870 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən nəşr olunan “Xəmsə” və monoqrafiyalar Avstriya, Rusiya, Almaniya, Böyük Britaniya milli kitabxanalarında, Misirin İsgəndəriyyə kitabxanası, Fransanın Strasburq kitabxanası və ABŞ-ın Metropol Muzeyində qorunan nadir “Xəmsə” əlyazmalarının, miniatürlərinin orijinalları və nüsxələrindən ibarət guşə yaradılıb. Burada elmi tədbirlər üçün nəzərdə tutulmuş konfrans zalı fəaliyyət göstərir. Muzeyə gələn qonaqlar və turistlər üçün istirahət guşələri də yaradılıb. Binada Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin yüksək zövqlə toxunmuş xalça portretləri də diqqəti cəlb edir.

 

Mehman Abbaszadə