• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1666
— 26.05.2016 10:00

İşlə və səyahət et...

Yay tətilini doyunca yaşamaq istəyənlər həm bölgələrdəki istirahət məkanlarına, həm də xarici ölkələrə üz tutmaq arzusunda olurlar. Bu arzunun reallaşması isə bir tərəfdən gedəcəyimiz ölkəyə, digər tərəfdən də cibimizə təsir edir. Bəs necə etmək olar ki, həm istirahət edək, həm də pul qazana bilək?

Dünyanı gəzərək tətil xərclərimizi çıxara biləcəyimiz bir neçə proqram var. “Work and camp”, “Work and travel” kimi kampaniyalar buna nümunədir. Son zamanlar dünyada və ölkəmizdə də geniş yayılanı isə “Work and travel”dir. Hərfi mənası işləmək və səyahət etmək olan bu paket vasitəsilə 18 və 28 yaş arasında tələbələr okeanın o tayına istirahətə yollana bilərlər. Bunun necə olduğu yəqin ki, çoxlarına maraqlıdır? “Work and travel” Amerika Birləşmiş Ştatlarının nəzarəti altında olan tələbə mübadiləsi proqramıdır. 4-cü kurs tələbələri istisna olmaqla, əyani bölmənin tələbələri bu proqrama qoşula bilərlər.

Hazırda il ərzində ölkəmizdə “Work and travel”ə müraciət edən tələbələrin sayı heç də az deyil. Proqrama qoşulmaq üçün ali təhsil müəssisələrində oxuyan gənclərdən  müəyyən məbləğdə maddi vəsait və orta səviyyəli ingilis dili bilgisi tələb olunur. Tələbələrin üz tutuduqları ölkədə işləmə saatları  8 saat olaraq nəzərdə tutulur. Gənclər bununla da həm işləyir, həm də yol xərclərini çıxarırlar. Daha çox mədəni əlaqələrin mübadiləsinin nəzərdə tutulduğu bu proqram vasitəsilə gənclər eyni zamanda ingilis dilini öyrənir, xaricdə keçirəcəkləri 4 ay ərzində dincəlirlər.

Turan Əhmədov  - “Gələcəyə Körpü” GİB-in Beynəxlaq əlaqələr üzrə koordinatoru: “”Work and travel“ gənclər üçün çox yaxşı imkanlar yaradır. Çünki bunun sayəsində gənclərimiz Amerikaya səfər etdikləri zaman həm iş yeri tapırlar, həm də səyahət edirlər. Bu sahədə “work and travel” gənclər üçün iş təmin edir. Bununla da onlar həm pul qazanır, həm də ölkəni tanıyırlar. Təbii ki, bununla yanaşı dil bilgilərini də genişləndirmiş olurlar”.

Onu da qeyd edək ki, son zamanlar ölkəmizdə də geniş yayılan bu proqrama müraciət edən gənclər üçün bir neçə amil vacibdir. Belə ki, onlar əlaqə saxladıqları şirkətlər haqqında əvvəlcədən məlumat əldə etməli, hüquqlarının pozulmasına icazə verməməlidirlər. İş saatının tənzimlənməsi, maaşın miqdarı əvvəlcədən müəyyən olunsa daha məsləhətlidir. Birləşmiş Ştatlarda olan tələbələr 4 ay ərzində oranın tam hüquqlu vətəndaşı kimi qəbul edilsə də, qanundən kənara çıxdığı halda ölkə ərazisində olmaq şansını itirirlər. Bu səbəbdən də əvvəlcədən ölkələr haqqında düzgün məlumata yiyələnmək vacibdir.

“Work and travel”ə müraciət edənlər arasında universitetedə oxuduğu müddətdə yüksək nəticələr göstərən tələbələrə üstünlük verilir.

Almaz Rafiq