Bu günə xəbərlərin oxunma sayı: 1388
— 17.10.2014 10:10

Göygöl sakinləri və Xocalıdan olan məcburi köçkünlər qanvermə aksiyasına qoşulublar

İrsi qan xəstələrinə kömək məqsədi ilə bölgələrdə qanvermə aksiyası keçirilir. Aksiyada Göygöl sakinləri və Xocalıdan olan məcburi köçkünlər fəal iştirak edib.

Göygöldə hüquq mühafizə əməkdaşlarının, təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində çalışan işçilərin iştirak etdiyi aksiyada 500-ə yaxın sakin qan vermək üçün müraciət edib. Onların hər biri ayrı-ayrılıqda həkim müayinəsindən keçib və 315 nəfərdən qan götürülüb.

Mərdan Quliyev- aksiya iştirakçısı: “İrsi qan xəstəliyindən əziyyət çəkənlərə yardım etmək bizim hamımızın borcudur. Buna görə də mən sevinirəm ki, bu aksiyada iştirak edirəm!”

Toplanan qan Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən xüsusi qablaşdırılıb və talassemiyalı xəstələrin müalicəsində istifadə ediləcək. Göygöl rayonunda növbəti qanvermə aksiyası yanvar ayında keçiriləcək.

Hamlet Ömərov- Göygöl Mərkəzi Rayon Xəstəxanasının baş həkimi: “Respublikamızın hər yerində olduğu kimi, Göygöl rayonunda da qanvermə aksiyası keçirilir. Hər il rayon ictimaiyyəti aksiyada aktiv iştirak edir. Aktivlik bu gün də müşahidə olunur. Bildiyiniz kimi toplanan qan irsi xəstəliklərdə istifadə olunur”.

Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşan Xocalı sakinləri də qanvermə aksiyasında iştirak ediblər. Mərkəzi Qan Bankının Gəncə bölməsinin tibb işçiləri, qan vermək üçün müraciət edən 120 nəfəri müayinə edib və onların 75 nəfərindən qan götürülüb.

Natiq Hüseyn