• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1669
— 24.05.2016 10:54

Fuad Poladov...

Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri olan, Xalq artisti Fuad Poladov 1948-ci il mayın 24- də Bakıda dünyaya gəlib. 132 saylı orta məktəbdə təhsil alarkən, 10-cu sinifdə teatr dərnəyinə yazılan aktyor bu addımı ilə həyatını səhnə fəaliyyəti ilə bağlayıb. O, ilk dəfə 1966-cı ildə “İstintaq davam edir” filmində Səlim obrazını canlandırdıqdan bir il sonra Azərbaycan Dövlət İncəsənət İnstitunun dram və kino aktyorluğu fakültəsinə daxil olub.  Hələ tələbə ikən sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynadıqdan sonra teatrın truppasına qəbul edilib və 20 il burda fəaliyyət göstərib.

Fuad Poladov - Xalq artisti: “Teatrda hər nəslin öz yeri var. Ona görə də? hansı teatrda gənc nəsillə yaşlı nəslin qarşılıqlı, zəncivari olan münasibətləri pozulur, o zaman gənc nəslin yetişməyi problemli olur”.

Onun canlandırdığı bütün obrazların taleyi ifa baxımdan çox uğurlu olmasına görə oxşarlıq təşkil edir. Aktyorun yüksək sənətkarlıqla oynadığı İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” dramında Rəhman, “Qəribə oğlan “ əsərində Valeh, Bəxtiyar Vahabzadənin “Yağışdan sonra” əsərində Cığatay obrazları yüksək bədii dəyərə malik səhnə surətləridir. Fuad Poladovun özünəməxsus cəhəti, səhnədə düşünmək, düşüncələrini fəlsəfi dəyərlərlə izləyiciyə çatdırmağı bacarmasıdır. Onun səhnə plastikası ifa etdiyi obrazın psixologiyası və emosional duyğularına görə dəyişir ki, bu da rolun təbii alınmasına gətirib çıxarır.  

Həmçinin 37 filmdə çəkilən aktyor bu filmlərdə də yaddaqalan obrazlar yarada bilib. Onun “Qayınana”,“İstintaq davam edir”, “Güllələnmə təxirə salınır” və çəkildiyi digər ekran əsərləri Azərbaycan kinosevərlərinin sevərək izlədiyi filmlərdir.  

Müasir dövrdə istehsal olunan “Arxada qalmış gələcək” filmində aktyorun canlandırdığı Malik obrazı, eyni zamanda “Dolu” filmində yaratdığı katib rolu maraqlı səhnə həlli ilə yadda qalır.

Sənətkarın səhnə fəaliyyəti istər tamaşaçı, istərsə də dövlət səviyyəsində yüksək qiymətləndirilib. 1987-ci ildə SSR Xalq artisti adına layiq görülən Fuad Poladov daha sonra da bir çox nominasiyaların qalibi olub. O, "Aktrisa" filminə görə, "Ən yaxşı kişi rolunun ifası" nominasiyasında "Qızıl Pəri" mükafatı ilə təltif edilib.

Eşqin Zahid