• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1704
— 21.05.2016 10:06

Albrext Dürer...

Alman intibahının görkəmli nümayəndəsi qravüraçı və incəsənət nəzəriyyəçisi Dürer 1475-ci ilin 21 may tarixində Almaniyanın Nürenberq şəhərində dünyaya gəlib. O, zərgər ailəsində doğulduğu üçün uşaq yaşlarından incəsənətə maraq göstərib. Bu məqsədlə naturanı öyrənmək üçün 1490-1494-cü illərdə yuxarı Reyn vilayətlərini gəzib, İtaliya və Niderlanda olub. Dürer boyakarlıq əsərlərində alman incəsənəti üçün yeni olan obrazlar strukturuna müraciət edib. 1504-cü ildə "Kahinlərin təzimi", 1512-ci ildə "Məryəm körpəsi ilə" kimi məşhur tablolarını yaradıb. Həmin əsərlər İtalyan incəsənətinə güclü təsir göstərib. Dürer 900-ə yaxın rəsm əsəri çəkib. Eyni zamanda qravüra sahəsində də məhsuldar işləyib, dünya qrafikasının şah əsərlərini yaradıb. "Apokalipsis" adlı ağac üzərində qravüra seriyasında sənətkar dünyanın sonu barədə erkən dini fikirləri antifeodal ideyalar ruhunda şərh edib. Dərin fəlsəfi-humanist məzmunlu "Süvari, ölüm və iblis" (1513), "Müqəddəs İeronim" (1514), "Malxulya" (1514) qravüraları yaradıcılığının zirvəsidir.

Rəssam yaşadığı dövrdə rəsm əsərlərinin çap olunması baha olduğu üçün, o, müxtəlif çap texnikaları hazırlayaraq, əl işlərini ucuz yolla yaya bilib. Bundan başqa satdığı əsərlərdə ad və soyadını həkk etməsi mütəxəssislərin fikrincə tarixdə ilk satış markası sayılır.

Albrext Dürer dünya incəsənətində məşhur portret ustalarındandır. O, portretlərində obrazın xarakterindəki fərdi xüsusiyyətləri ustalıqla açıb göstərib. İncəsənətin nəzəri məsələləri barədə bir sıra elmi əsərlər yazıb. Bu gün sənətkarın əsərləri milyon dollarlarla ölçülür.

 

Eşqin Zahid