• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1606
— 20.05.2016 10:02

Həqiqət Rzayeva...

Azərbaycanın Xalq artisti Həqiqət Rzayeva 1907-ci ilin 20 mayında Lənkəranın kiçik kəndlərinin birində anadan olub. Uşaq yaşlarından atasını itirən balaca Həqiqət, Azərbaycan sovetləşdikdən sonra Bakıya köçür və onun səhnəyə, operaya həvəsi həmin dövrdən etibarən başlayır.  Ailəsinin narazılığına baxmayaraq, teatr dərnəyinə üzv olduqdan sonra Müslüm Maqomayev ilə tanışlığı onu birdəfəlik opreya bağlayır və beləcə sənət yaradıcılığına qədəm qoyur. 1927-1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının muğam şöbəsində oxuyan Həqiqət Rzayeva  Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və Qurban Pirimovdan dərs alıb. 1927-1952-ci illərdə Opera və Balet Teatrının solisti, muğam və xalq mahnılarımızın ifaçısı kimi fəaliyyət göstərdiyi dövrdə sənətkar Ərəbzəngi, Leyli, Əsli, və Şahsənəm kimi yaddaqalan obrazlar yaradıb.

Xalq artistinin kino fəaliyyətinə gəldikdə isə o, çox az filmdə çəkilməsinə baxmayaraq, həmin ekran əsərlərinə baxdıqda onun nəinki bir opera müğənnisi, həmçinin çox istedadlı kino aktrisası olduğunu da görürük. Xüsusilə, "Ögey ana" filmində Qəmər xala obrazını o qədər təbii oynayıb ki, bu obrazı ondan başqa heç kəs belə oynaya bilməzdi.

İlham Rəhimli- professor: “İlk opera solistlərimizdəndir ki, filmlərə çəkilib. “Ögey ana” filmindən başqa, “İsmət” və s. kimi ekran əsərlərində dramatik aktrisa kimi çıxış edib”.

Azər Rzayev- oğlu:  “Sınaq çəkilişlərindəki çıxışını çox bəyənmişdilər və bildirmişdilər ki, bu rolu o, ifa edəcək. Anam da bu rol üzərində çalışdı və nəticədə yaxşı çıxış edə bildi”.

Bütün bunlarla bərabər Həqiqət Rzayeva eyni zamanda pedoqoji fəaliyyət göstərib. Sənətini yaxşı bilməsi və muğamları şagirdlərinə özünəməsxus metodlarla öyrətməsi effektivliyini göstərirdi. Qeyd edək ki, Rübabə Muradova, İslam Rzayev kimi məşhur incəsənət adamları məhz Həqiqət Rzayevin yetirməsi olublar.

Həqiqət Rzayeva yaradıcı ömrünü bütövlükdə musiqi sənətimizin, milli operamızın inkişafına həsr edib.  Buna görə də, o, dəfələrlə orden, medallarla təltif olunub, başlıcası isə Xalq artisti fəxri adına layiq görülüb.

Eşqin Zahid