• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1716
— 20.05.2016 20:43

Respublika ərazisində bir neçə ağır yol qəzaları baş verib

Yüksək sürət, sürücü məsuliyyətsizliyi. Bu gün xəbərini verəcəyimiz yol qəzalarının hamısı bu səbəblərdən baş verib.

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib. 35 yaşlı Surac Abdullayev “VAZ  2106” markalı avtomobillə şəhərin Üzeyir Hacıbəyov küçəsi ilə hərəkət edən zaman idarəetməni itirib. Nəticədə avtomobil “Nizami Sovxozu” adlanan ərazidə yol dairəsini tənzimləyən betona çırpılıb. Qəza nəticəsində avtomobildə olan 7 nəfər - sürücü, 10 yaşlı qızı, 26 yaşlı Ruslan, 37 yaşlı Sergey, Anjela, 22 yaşlı Arsen və Ramin ağır bədən xəsarətləri alıblar. Yaralılar Abbas Səhhət Adına 1 saylı Şəhər Xəstəxanasına  və  Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin müdaxiləsinə baxmayaraq VAZ-ın sürücüsü Surac Abdullayev dünyasını dəyişib. Hadisə şahidlərinin bildirdiyinə görə, qəza yüksək sürət və sürücünün spirtli içkinin təsiri altında olması səbəbindən baş verib.

Bərdədə isə rayon sakini Rəfayel Tərlanov “Mercedes” markalı avomobildə idarəetməni itirib, nəticədə maşın aşıb. Sürücü ağır yaralanıb, sərnişini Mirdamət Qocayev isə yerindəcə keçinib. Yaralı ətrafdakıların köməyilə xəstəxanaya aparılıb. Bu dəfə də qəzaya ilkin səbəb olaraq avtomobilin yüksək surətlə idarə edilməsi göstərilir.

Lənkəranın Sütəmurdov kəndi ərazisində rayon sakini 23 yaşlı Elvin Səfərli idarə etdiyi "Chevrolet Lacetti" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında dəmir maneəyə çırpılıb. Elvin Səfərli yaralanıb, qapalı kəllə-beyin travması, ağır beyin əzilməsi diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Tovuzda isə 11 yaşlı uşağı maşın vurub. Hadisə Aşağı Öysüzlü kənd sakini Qənimət Qarayeva Cırdaxan kəndində avtobusdan düşüb yolu keçmək istəyərkən baş verib. Qəzanı törədən “Hyundai”nin sürücüsü xəsarət alan azyaşlını Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparıb. Hər iki baldır sümüklərinin aşağı hissəsinin açıq sınığı diaqnozu qoyulan qızın vəziyyəti orta-ağır qiymətləndirilir.  Faktlarla bağlı araşdırmalara başlanılıb.