• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1805
— 19.05.2016 19:11

Ölkədə baş verən yol qəzaları yenə canlar aldı

Yol qəzaları yenə də can aldı. Sərnişin avtobusunun vurduğu piyada və avtomobili digər minik maşınına çırpılan sürücü yerindəcə keçindi. Yol-nəqliyyat hadisələri nəticəsində xəsarət alanların sayı da az deyil.  

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Binəqədi rayonunda Abşeron rayon sakini Əliyoldaş Dadaşov idarə etdiyi “Daewoo” markalı 155 saylı xətt avtobusu ilə yolu keçən Bakı sakini Arif Ziyadovu vurub. Piyada aldığı bədən xəsarətlərindən elə oradaca keçinib.

2 nəfərin xəsarət aldığı yol qəzası isə Cəlilabadda qeydə alınıb. Ələt-Astara magistral yolunun 145-ci kilometrliyində Masallı rayon sakini, 21 yaşlı Nadir Məmmədov “VAZ-2107” markalı avtomobildə idarəetməni itirib. Nəticədə maşın aşaraq yolun kənarındakı ağaca çırpılıb. Sürücü və sərnişini Cəlilabad sakini, 24 yaşlı Lalə Mirverdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Vəziyyətlərinin orta-ağır olduğu bildirilib. İlkin ehtimallara görə, qəzaya sürücünün sürət həddini aşması səbəb olub.  

Kürdəmirdə isə yol-nəqliyyat hadisəsi 3 nəfəri xəstəxanalıq edib. Bakı-Qazax magistral yolunun 192-ci kilometrliyində Bərdə rayon sakini, 36 yaşlı Mahir Bəndəliyevin idarə etdiyi “KİA” markalı minik maşını ilə əks istiqamətdə hərəkətdə olan Ağcabədi rayon sakini, 55 yaşlı Şahin Bayramovun idarə etdiyi “Niva” toqquşub. Nəticədə "Niva"nın sürücüsü və KİA-nın sərnişinləri, Bərdə rayon sakinləri - 48 yaşlı Seymur İsrafilov və 50 yaşlı Təbiyyət Şirinov müxtəlif bədən xəsarətləri alıblar.  Yaralılar ağır vəziyyətdə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə çatdırılıblar.

Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun 125-ci kilometrliyində, Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində isə yük maşını ilə minik avtomobili toqquşub. Zaqatala şəhər sakini, 22 yaşlı Əlixan Əlixanlının idarə etdiyi “Lada-priora” Bəkir Mehdiyevin idarə etdiyi “Qazel”ə çırpılıb. Zərbənin gücündən “Lada-priora” yolun kənarındakı beton maneəyə də dəyib. Əlixan Əlixanlı və sərnişini, Zaqatala şəhər sakini, 24 yaşlı Orxan Paşayev ağır bədən xəsarətləri alıblar. Yaralılar Zaqatala Mərkəzi Rayon Xəstəxanasına  aparılıblar.

Bütün faktlarla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

İlham Məmmədzadə