Havalar isindi, ilan təhlükəsi yenə gündəmə gəldi. Şəki və Cəlilabad sakinlərini ilan sancıb.
Şəkidə qoyun otaran 35 yaşlı kişini ilan sancıb. Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, mayın 18-i günorta saat 14:00 radələrində rayonun Aşağı Şabalıd kənd sakini, 35 yaşlı Cəmil Abdullayev ilansancması xəsarəti ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 35 yaşlı Cəmil Abdullayev Aşağı Şabalıd kəndinin inzibati ərazisində qoyun otararkən ilan qəfildən onun sol ayağının topuq nahiyəsindən sancıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Cəmil Abdullayevə lazımi tibbi yardım göstərilib, hazırda vəziyyəti orta-stabil qiymətləndirilir, müalicəsi davam etdirilir.
Cəlilabad sakini də analoji halla üzləşib. Hadisə bu gün rayonun Cəlayır kəndi ərazisində baş verib. Kənd sakini, 33 yaşlı Əlisəfa Əliyev örüş sahəsindəki biçilmiş otları toplayarkən ilan onun sol ayaq nahiyəsindən sancıb. Danışığı qüsurlu olan zərərçəkmiş vaxtında özünü evə çatdırıb. Yaxınları tərəfindən xəstəxanya aparılan Ə. Əliyevə dərhal ilan zəhəri əleyhinə zərdab vurulub. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.
Vüsalə Camal
- Baxış: 411