• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1687
— 19.05.2016 10:11

Onların hekayəsi

Yəqin ki, elə bir ədəbiyyat, şeir vurğunu olmaz ki, bir dəfə belə olsun Rəsul Rzanın şeirlərini oxumasın, həmin şəxsə bəstələnən mahnıları dinləməsin. O, mahnılar ki, həyat yoldaşı, ömür gün dostu Nigar Rəfibəylinin qələmindən çıxan misralarla yazılıb. O zaman “Əsli və Kərəm”in, “Leyli və Məcnun”un ədəbiyyatda davamçıları kimdir desələr, Nigar Rəfibəyli və Rəsul Rza yada düşürdü. Bu iki ədəbi şəxsiyyət bir-birilərini tanıdıqdan sonra heç vaxt ayrılmayıb, maraqlı və çətin həyat yolu keçib, xalqımıza misilsiz sənət inciləri bəxş ediblər. 1910-cu ilin 19 mayında Ucarda dünyaya göz açan şairin yolu hələ 17 yaşında Nigar Rəfibəyli ilə kəsişir. Təsadüf elə gətirir ki, Bakıda tanış olan bu iki gənc təhsillərini Rusiyada almalı olurlar. Keşməkeşli həyat pillələrində belə ayrılıq nədir bilmirlər. Qanlı repressiya illərində Nigar xanımın Rəfibəylilər nəslindən olması və bu səbəbdən sürgünün astanasına kimi getməsi də iki şairi ayırmağı bacarmır. Mirəcəfər Bağırova Nigar sürgün olunsa, mən də onunla gedəcəm deyən Rəsul müəllim yolundan dönmür, həyat yoldaşını xilas etməyi bacarır. Sonralar birlikdə keçən uzun və unudulmaz illərdə qısamüddətli səfərlər onları ayıranda belə bir-birləri üçün çox darıxır, qüssələnirlər. Bəzən bu həsrət gözəl, səmimi  şeirlərə çevrilir. Nigar Rəfibəylinin "Neyləyim", “Ayrılıq” kimi şeirləri də belə ərsəyə gəlib. Hansı ki, illər sonra Emin Sabitoğlu bu misralara gözəl bir musiqi bəstələyib. Repressiyanı, müharibəni geridə qoyan sənətkarlar qələmə daha da güclü sarılırlar. Zamanla Rəsul Rza tərcümə əsərləri üzərində çalışmağa başlayır, Nizami Gəncəvinin "Xosrov və Şirin", Esxilin "Zəncirlənmiş Prometey" əsərlərini və bir çox məşhur şairin şeirlərini tərcümə edir. Bu şairlər arasında isə onun üçün ən dəyərlisi Türkiyə elindən gələn, yaxın dostu Nazim Hikmətin “Qoz ağacı” şeiri olur.

Ramin Əhmədov -  tədqiqatçı: “Rəsul Rza yaradıcılığında novatorluq var idi. Ondan əvvəl yazanlar kənd həyatından, sağıcıdan yazsa da, Rəsul Rza adi insandan, onun həyatından yazmağa başladı. Sadə, adi insan həyatından bəhs etdi. Onun milli düşüncə tərzində dil problemi ön plana çəkilirdi”.

Rəsul Rza zirvəyə gedən yaradıcılıq yolunda yalnız tərcümələrlə kifayətlənmir. Ədibin hələ İkinci Dünya Müharibəsi zamanında qələmə aldığı “Vətən”, “İntiqam, İntiqam”, şeirləri, yaxın dostu Mikayıl Müşfiqlə bağlı yazdığı “Qızılgül olmayaydı” poeması və sərbəst şeirin bir-birindən maraqlı örnəklərini, eyni zamanda ”Rənglər” silsiləsini yazmaqla ədəbiyyatımıza yeni nəfəs bəxş edir. Şairin şeirlərində tərənnüm olunan ünsür isə vətənə sevgi, xalq dilinə olan bağlılıq olur. 1981-ci ildə dünyaya gözlərini yuman sənətkar bu gün də sevənləri tərəfindən xatırlanır. Sözsüz ki, onun varlığı bir vaxtlar yazdığı əsərlərinin ruhunda hiss olunur.

 

Almaz Rafiq