Demək olar ki, hər gün kimsə avtomobil vurması nəticəsində ya həyatını itirir, ya da sağlamlığını. Bu qan donduran hadisələrə sürücü məsuliyyətsizliyimi səbəb olur, piyada diqqətsizliyimi, bunu ancaq polisin araşdırmaları aşkara çıxarır. Əvvəldən aşkar olan isə odur ki, hər belə qəza neçə-neçə insanın həyatını qaraldır.
Paytaxtın Nizami rayonu Çobanzadə küçəsi 73 ünvanında Bakı şəhər sakini Vadim Gülməmmədov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən 63 yaşlı Lətifə Əliyevanı vurub. Qadın aldığı xəsarətlərdən elə yerindəcə keçinib. Şahidlərin sözlərinə görə, avtomobil olduqca sürətlə idarə olunub və sürücü qarşısına çıxan qadını gördükdə əyləci bassa da bu bir nəticə verməyib.
Elnur Əliyevi isə avtomobil yaşadığı evin qarşısında vurub. Hadisə Suraxanı rayonunda baş verib. Sürücü sağlamlığına qəsd etdiyi Elnur Əliyevi elə oradaca naəlac vəziyyədə qoyaraq qaçıb. Yaralı ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Bakıda daha bir oxşar hadisə Sabunçu rayonunda yaşanıb.Pirşağı qəsəbəsində naməlum avtomobil 66 yaşlı Emin Mirzəliyevi vurub. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb və dərhal əməliyyat olunub. Hadisəni törədən sürücü isə ərazidən uzaqlaşıb. Polis məsuliyyətsiz sürücünü axtarır.
Paytaxtdan gələn sürücü Saatlı sakininin əcəlini də özü ilə gətirib. Yol qəzası Saatlı rayonun Qıraqlı kəndində qeydə alınıb. Bakı sakini Coşqun Aslanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 41 yaşlı Pərvanə Həsənovanı vurub. Qadın yaxınlıqdakı insanların köməyi ilə yaxınlıqdakı xəstəxanalardan birinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktlarla bağlı artıq araşdırma aparılır.
- Baxış: 406