• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1659
— 18.05.2016 10:02

Beynəlxalq muzeylər günü...

Mədəniyyəti muzeylərsiz təsəvvür etmək çətindir. Bu mədəniyyət ocaqlarında saxlanan eksponatlar xalqın keçmişini əks etdirir, onun yaşam tərzinin müasir dövrdəki bələdçiləri sayılır. Təsadüfi deyil ki, hər hansı bir  ölkəyə gedən turistlər həmin yer haqqında məlumat mənbəyi kimi ilk olaraq muzeylərə üz tutur, ordakı eksponatların qədimliyi, özəlliyi ilə maraqlanırlar.

Zəngin tarixə malik Azərbaycanın hər bir bölgəsinin özünəməxsus keçmişi və bu keçmişi nümayiş etdirən muzeyləri var. Gəncə və ətraf ərazilər qədim yaşayış məskənləri olduğundan burada aparılan qazıntılar zamanı həmin dövrə aid kifayət qədər maddi tapıntılar aşkarlanaraq, tarix-diyarşünaslıq muzeylərində mühafizə olunur. Qədim dövrlərdən başlayaraq, Azərbaycanın orta əsr və ondan sonrakı dövrünə aid materiallar həmin dövrlərin günümüzdəki şahidləri sayılır.

Taciyə Mehdiyeva - Gəncə Heydər Əliyev Mərkəzinin direktoru: Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəsisələrdir. Azərbaycanda da muzeylərin fəaliyyəti təqdirəlayiqdi. İlk dəfə ölkəmizdə 1919-cu ildə “İstiqlal” muzeyi fəaliyyətə başlayıb və bundan sonra ölkənin bir çox yerlərində muzeylər açılıb. Bu mədəniyyət ocaqlarına axın, onlara müraciət daha çoxdur. Qeyd edim ki, muzeylərin məqsədi insanları marifləndirmək, tərkibində saxladığı eksponantlarla insanların diqqətini çəkməkdir”.

Bəzən muzey dedikdə qapalı bir məkanda arxeoloji qazıntıların toplusu başa düşülsə də, əslində açıq hava muzeyi termini də mövcuddur. Bu tip mədəniyyət ocaqlarına adətən aşkarlanan yaşayış məskənləri aid edilir. Bundan başqa qala divarları, şəhərin giriş qapıları da açıq hava muzeylərinin ayrılmaz tərkib hissəsi sayılır.

Təbii ki, xalqın keçmişini, mədəni həyatını ən yaxşı halda onun ədəbi yaradıcılığından öyrənmək olar. Bu baxımdan ədəbi muzeylər xüsusu önəm daşıyır. Burda xalqın mədəni həyatında əhəmiyyətli yerə sahib sənətkarların ədəbi irsi, onların həyatını əks etdirən nümunələr sərgilənir.

Azərbaycanın rəmzləri, onun müstəqilliyinin, ərazi bütövlüyünün  simvoludur. Ölkəmizin müxtəlif bölgələrində fəaliyyət göstərən dövlət rəmzləri muzeyləri də formalaşmaqda olan gənc nəslin vətənpərvər ruhda yetişməsində mühüm rol oynayır.  

Bu gün istər Bakı şəhərində, istərsə də regionlarda olan, dəyərli eksponatları ilə fərqlənən, milli kimliyimizi, mədəniyyətimizi, xalqın məişəti və tarixini əks etdirən muzeylərə kütləvi turist axını özünü göstərir. Bu isə ölkənin təbliği baxımından kifayət qədər əhəmiyyətlidir.

Eşqin Zahid