• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2099
— 16.10.2014 15:47

Gəncədə azyaşlı və yeniyetmələrin icbari tibbi yoxlanması aparılır

Səhiyyə Nazirliyinin "Uşaqların icbari dispanserizasiyası haqqında" qanuna əsasən, Gəncədə də azyaşlı və yeniyetmələrin icbari tibbi yoxlanması aparılır. Həkimlər  uşaqların sağlam və ya xəstə olmasından asılı olmayaraq, ildə ən azı, bir dəfə profilaktik müayinələrdən keçirilməli olduğunun vacibliyini vurğulayır.

Gəncə şəhəri İsrafil Məmmədov adına 27 nömrəli fizika, riyaziyyat və informatika təmayüllü məktəb liseyində şagirdlərin icbari müayinəsi həyata keçirilib. Şagirdlər həkim-pediatrın iştirakı ilə nevropotoloq, oftolmoloq, cərrah və stomatoloq tərəfindən müayinə ediliblər. Dispanserizasiya zamanı hər hansı patologiya aşkarlanarsa, tibbi göstərişə əsasən, əlavə müayinələr və ixtisaslı mütəxəssislərin də baxışı aparılır.

Sevda Məmmədova -27 nömrəli məktəb-liseyin həkim-pediatrı: "Dispanser qeydiyyatın əhəmiyyəti nədən ibarətdir? Bunun çox böyük əhəmiyyəti var. Çünki məktəb uşaqlarında olan müxtəlif xəstəliklərin aşkar olunmasına köməklik göstərir. Xəstəlik nə qədər tez aşkar olunarsa, onunla mübarizə və profilaktik tədbirlərin aparılması asanlaşar".

Xəstəlik aşkarlanan uşaq dispanser qeydiyyatına götürülür və müalicə tədbirləri  görülür. Bundan əlavə ildə iki dəfə poliklinika tərəfindən verilən qrafik üzrə I-IV sinif şagirdlərinin kaproloji müayinəsi aparılır.

Sevda Məmmədova -27 nömrəli məktəb-liseyin həkim-pediatrı: "Bu müayinə metodunun əsas məğzi uşaqların qurda qarşı müayinə olunmasıdır. Uşaqlarda qurd aşkar olunursa, həmin uşaqlara poliklinika tərəfindən müalicəvi dozada dərmanlar verilir. Həmin uşaqlar kontakta olan digər şagirdlərə də profilaktik qaydada dərman təyin olunur".

İcbari dispanserizasiya həftənin müəyyən günləri şəhərin bütün məktəbəqədər və orta təhsil müəssisələrində, eyni zamanda uşaq poliklinikalarında aparılacaq. Müayinələrin ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulub.

Gülnar Fazilqızı