• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1718
— 17.05.2016 10:06

Laçınsız 24 il...

Düz 24 ildir ki, respublikamızın 59 şəhər və rayonuna səpələnən laçınlılar yurd həsrəti ilə yaşayırlar. Ötən əsrin sonlarında azərbaycanlıların vətəndən didərgin düşmələri ilə leksikonumuza gəzdiyin yerlərə həsrət qalmaq, gündən–günə vətən həsrəti çəkmək kimi ifadələr daxil oldu. 1992-ci il mayın 17-də Şuşanın Turşsu kəndi və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçərək Laçını işğal etməyə başlayan Ermənistan ordusu may ayının 18-də bu istəyinə tam nail ola bilib.  Qeyd edək ki,  şimaldan Kəlbəcər, şərqdən Şuşa, cənubdan Qubadlı, qərbdən isə Ermənistanla həmsərhəd olan Laçına  işğal zamanı ümumilikdə 7.1 milyard dollar ziyan vurularaq 154 məktəb, 7 sənaye və tikinti obyekti,  yüzlərlə tarixi və mədəni abidələr məhv edildi.

Şikar Qasımov- tarix elmləri doktoru:  “Onlar, hətta işğalaqədər dövrdə də abidələri məhv ediblər. Mən deyə bilərəm ki, ermənilər bizim tariximizlə, mədəniyyətimizlə yanaşı, abidələrimizə də vandallıqla yanaşıblar. İnternet vasitəsilə baxıram ki, gözəl memarlıq incisi olan “Məlik Əjdər” top atəşi ilə dağıdılıb. Digər abidələrimizi isə ya dağıdıb, ya da erməniləşdirməyə çalışıblar”.

Laçın döyüşləri zamanı 264 nəfər şəhid olub ki, 18 nəfəri azyaşlı uşaqlardır. 6 nəfər laçınlı isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Strateji mövqeyə sahib olan rayonun ələ keçirilməsi, digər ərazilərin işğalını daha da asanlaşırdı və buna görə də, məhz Laçın bir dəhliz olaraq istilası ermənilər üçün olduqca böyük əhəmiyyət kəsb edirdi.

İşğalçı dövlət beynəlxalq hüquq normalarına, zəbt olunan Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin qətnamələrinə məhəl qoymayaraq, hazırda Laçında qanunsuz məskunlaşma aparır.  Olanlara rəğmən, hər bir azərbaycanlı ümid edir ki, qısa zamanda Laçın dağlarından Şuşanı salamlayacaq. Fonda çalan mahnı isə yalnız “Can sənə qurban Laçın” olacaq. Yalnız o zaman xalqın 24 ildə çədiyi iztirablar qismən yox ola, torpaq uğrunda verilən şəhidlərin ruhu sakitlik tapa bilər.

Eşqin Zahid