Bu günə xəbərlərin oxunma sayı: 1756
— 16.10.2014 15:45

Gəncədə məşğulluğun təminatı üzrə addımlar atılacaq

Peşə məktəblərində hazırlanan kadrların işlə təmin edilməsi istiqamətində tədbirlər görülür. Gəncədə bu məqsədlə yaradılacaq müəssisədə hansı sahə üzrə nə qədər işçinin lazım olduğu müəyyənləşdirilərək məşğulluğun təminatı üzrə addımlar atılacaq.

Söhbət bölgələrdə iqtisadiyyatın müxtəlif sahələri üzrə hazırlanan peşəkar kadrların işlə təminatından gedir. Peşə məktəblərini bitirən gəncləri bu layihəyə cəlb etməklə elə bu tip tədris müəssisələrinə olan marağı da artırmaq mümkündür. Təhsil Nazirliyi tərəfindən regionlarda istehsal müəssisələrinə uyğun olaraq peşə yönümlü kadrların hazırlanacağı planlaşdırılır.

Şahin Məhərrəmov- 2 saylı peşə liseyinin direktoru: “Yeni istehsal sahələri yaradılır. Həmin istehsal sahələrində onların kadrlara olan ehtiyacı təmin olunmalıdır. Biz də həmin ehtiyaca uyğun olaraq kadrlar hazırlamağa çalışırıq. İstər- istəməz bu qurulmuş plan özünü göstərəcək və həmin boşluqlara kadrlara olan ehtiyac aradan qaldırılacaq”.

Nazirliyin bölgələrdəki ilkin araşdırma heyəti Gəncədə olub və şəhərin sənaye müəssisələrinə hansı kadrların lazım olması ilə bağlı ilkin araşdırma aparılıb.

Yusif Məmmədov- 3 nömrəli peşə məktəbinin direktoru: “Şəhərin iqtisadiyyatı ilə bağlı fikir öyrənilir. Nazirliyin nümayəndələri ilə bağlı. Bu istiqamətdə belə desək planlaşdırma gedir və iki ildə aparılan tələbə qəbulu bu planlaşdırılma xətti ilə aparılır. Yəni şəhərin iqtisadiyyatı, vəziyyəti öyrənilir. Kadrlara olan tələbat öyrənilir. Keçən il nazirliyin nümayəndələri şəhərin müəssisələrində olublar”.

Məlumatlar şəhərin Məşğulluq Mərkəzinə də ötürülüb. Mərkəzin direktoru Abil Tağıyev tikintisi nəzərdə tutulan yeni tədris müəssisəsinin peşə məktəblərində hazırlanan kadrların sənaye müəssisələrinə yönəldilməsi ilə məşğul olacağını bildirib. Bildirək ki, Gəncədə 6 peşə yönümlü məktəbdə vacib olan bütün peşələr üzrə tədris həyata keçirilir.

İlham Məmmədzadə