Bu günə xəbərlərin oxunma sayı: 1383
— 16.10.2014 15:43

Şəmkir dinamik inkişaf mərhələsindədir

2014- cü ilin geridə qalan dövrü ərzində Şəmkir rayonunda ümumi məhsul buraxılışının həcmi 418 milyon manata yaxın olub. Yerli büdcənin gəlirləri isə 102,1 faiz yerinə yetirilib. Kənd təsərrüfatı məhsullarının istehsalında 2 dəfəyə qədər artım müşahidə olunub. Bu məlumatlar rayon icra hakimiyyətinin 9 ayın yekunlarına həsr olunan hesabat yığıncağında verilib.

Hesabat yığıncağında qeyd olunub ki, 2014- cü ilin 9 ayı ərzində 509-u daimi olmaqla 2971 yeni iş yeri açılıb. 2544 ailənin 11739 üzvünə ünvanlı sosial yardım təyin olunub. 2014- cü ilin məhsulu üçün 18576 hektar sahədə taxıl, 6406 hektar sahədə kartof, 6163 hektar sahədə isə tərəvəz məhsulları əkilib. Su qıtlığını aradan qaldırmaq üçün tikilməkdə olan Şəmkirçay su anbarının inşası davam etdirilir.

Şəmkir şəhərində inşa olunan Heydər Əliyev mərkəzi, Dövlət Bayrağı Meydanı, Bayraq muzeyi rayonun simasını tamamilə dəyişir. Zəka Gənclərin İntelektual İnkişaf və Yaradıcılıq Mərkəzindən isə yerli sakinlərlə yanaşı regionun gəncləri də yararlanır. Həyata keçirilən iri miqyaslı layihələr rayon mərkəzi ilə yanaşı kənd və qəsəbələri də əhatə edir. Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət və idman sahəsində görülən işlər, eləcə də əldə edilən uğurlar ətraflı müzakirə edilib. Payız-qış mövsümündə əhalinin qaz işıq və su ilə bağlı tələbatının ödənilməsi üçün aidiyyatı strukturlar qarşısında konkret tələblər qoyulub.

Natiq Hüseyn