• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1640
— 14.05.2016 10:05

Güldürən və düşündürən sənətkar...

Bu gün Azərbaycanın Xalq artisti, gülüş ustası, hər kəsin sevimlisi Arif Quliyevin anadan olduğu gündür. 1950-ci ildə dünyaya göz açan aktyor, orta təhsilini Şirvan şəhər İnternat məktəbində aldıqdan sonra 1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun Dram və kino aktyorluğu fakültəsinə daxil olur. 3 il sonra öz istəyi ilə Mingəçevir Dövlət Dram Taetrına təyinatla işləməyə göndərilən sənətkar, 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsində təhsilini davam etdirir. Bir müddət sonra isə Musiqili Komediya Teatrının aktyor truppasına dəvət alır.

Arif Quliyev müxtəlif səpkili və fərqli xarakterli obrazlar yaradıb ki, həmin obrazlar böyükdən-kiçiyə hər kəsin yaddaşına əbədi həkk olunub. Teatr səhnəsində ifa etdiyi  “Şərbətəli”, “Mürsəl”, “İbişov”, “Dursun” kimi personajlar aktyorun komediya janrında yaratdığı uğurlu rolların bir qismidir.
Komediya aktyorunun yaradıcılığında Azərbaycan Dövlət Televiziyası da geniş yer tutur. Onun "Şans", "Bığ əhvalatı", "Qayınana", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların dərin rəğbətini qazanıb. Bununla bərabər, “Azərbaycanfilm” kinostudiyasanın istehsalı olan "Bəyin oğurlanması", "Bəxt üzüyü", "Yaramaz", "O dünyadan salam", "Mənim ağ şəhərim", "Alma almaya bənzər" kimi bədii filmlərdə peşəkarlıqla oynadığı rollar aktyorun  yaradıcılıq qabiliyyətinin zənginliyini bir daha təsdiq edir.
Arif Quliyev- Xalq artisti: “Hər bir insanın ömrünün hissələrini təşkil edən illər əlbəttə unudulmaz, yaddaqalan olur və ağrı-acılı, keşməkeşli, sözlü-söhbətli olmasına baxmayaraq, unudulmur. Mən deyərdim ki, həm teatr sənəti, həm şair, həm dramaturq, ümumiyyətlə, incəsənətin özü insanın varlığı ilə dünyaya gəlməlidir”.

Sevilən sənətkar 1982-ci ildə Respublika Gənclər mükafatına, 1988-ci ildə “Əməkdar artist” fəxri adına, 1993-cü ildə isə "Humay" mükafatına layiq görülüb.
1988-ci ildən Özəl Satira Teatrının bədii rəhbəri kimi fəaliyyət göstərən Arif Quliyev 1994-cü ildə “Xalq artisti” fəxri adına layiq görülüb.

Eşqin Zahid