• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1608
— 14.05.2016 10:04

Filmlərimizin bugünkü uğurları...

Müstəqillik dövründə istehsal olunan filmlərimizi yerli auditoriya ilə bərabər, dünya film təşkilatları da maraqla izləyir, ordakı rejissor, aktyor işi və ssenarist ustalığına diqqət yetirərək, milli məhsulumuzu yüksək qiymətləndirir. Artıq Azərbaycanın müasir film fondunda bir neçə ekran əsəri var ki, onlar beynəlxalq festivalların iştirakçısı olmaqla yanaşı, müxtəlif nominasiyalar üzrə qalib də olublar.

2014-cü ildə istehsal olunan “Nabat” kinolenti belə filmlərdəndir. Elçin Musaoğlunun “Azərbaycanfilm” kinostudiyasında hazırlanan bu tammetrajı bədii filmi  Almaniyanın Manheym və Heydelberq şəhərlərində keçirilən 63-cü beynəlxalq kinofestivalda “Beynəlxalq tənqidçilər mükafatı” və “Ekumenik jürinin mükafatı”nı, Tripoli festivalında isə “Ən yaxşı tammetrajlı bədii film” mükafatını qazanıb.

Digər bir uğurlu ekran əsəri “Axınla aşağı” bədii filmidir. 13-ə yaxın samballı film festivalında iştirak edən ekran işi  Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində keçirilən “SEEfest” kinofestivalında “ "Ən yaxşı tammetrajlı debüt filmi" nominasiyasında "Qızıl Pəri" mükafatına sahib olub.

Şamil Əliyevin çölü özünə yurd yeri seçən cavan çölçünün məhəbbəti haqqında nağılvari bir həyat hekayəsindən bəhs edən “Çölçü” filmi  "xarici dildə ən yaxşı filmə görə" nominasiyasında 2014-cü ilin "Oskar" mükafatına təqdim olunaraq ilkin siyahıda yer alıb. Bundan başqa, ekran əsəri 27-yə yaxın kino müsabiqədə iştirak edərək, əhəmiyyətli yerlər qazana bilib.

Müasir ekran əsərlərimizin mövzuları rəngarəng olduğu kimi, onun quruluşu da müxtəlifdir. “Ümid” qısametrajlı filmi  həcmcə digərlərindən kiçik olsa da, əldə etdiyi uğurlar heç də onlardan geri qalmır. Vətənindən qaçqın düşənlərin keçirdiyi hissləri 8 dəqiqəlik bir xronometrajda təqdim edən bu ekran işi bir çox nominasiyalarda uğur qazanıb.

Təbii ki, dünya filmmeykerlərinin daim can atdığı müəyyən film arenaları var ki, onlardan biri də Kann Kİno Festivalıdır. “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Yarımçıq xatirələr” cari ildə adıçəkilən festivalda nümayiş etdiriləcək. Mütəxəsislərin fikrincə, kifayət qədər tamaşaçı marağı qazanan filmin müsabiqədə uğur əldə edəcəyi gözlənilir.

Bu gün Azərbaycan kinosu dünya kino standartlarına cavab verə bilir. Bu isə ilk növbədə kinosevərlərin və müxtəlif film təşkilatlarının filmlərimizi yüksək qiymətləndirməsi işində böyük əhəmiyyət kəsb edir.

Eşqin Zahid