• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1593
— 14.05.2016 10:01

Evimizdəki canlılar

Qədim zamanlardan bu günə kimi evdə heyvan saxlamaq insanlar arasında geniş yayılıb. Bunun müəyyən səbəbləri var. Kimi it saxlayıb ki, özünü ətrafdakı təhlükələrdən qorusun, kimi isə digər heyvanları bəsləyib ki, ətindən, südündən yararlansın. Müasir dövrdə heyvan saxlamağın başqa səbəbləri də var. Çox vaxt canlılarla güclü əlaqə quranlar onlardan ayrıla bilmirlər. Elə süjetimizin qəhrəmanı olan Samir Kərimov kimi. Müsahibimiz hələ kiçik yaşlarından bu sahəyə maraq göstərib və hazırda zoomağazada heyvansevərlərə xidmət edir.

Samir Kərimov– mütəxəssis: “Ümumiyyətlə, bu işi bilmək üçün insandan güclü bacarıq tələb olunmur. Heyvanlara qarşı istək və marağın olması kifayətdir. Bundan başqa, zoologiya, biologiya kimi elmləri də bilmək  şərtdir”. 

Canlılarla əlaqədə olub, onlara qulluq etmək bir çoxumuza çətin görünə bilər. Həmsöhbətimiz isə bu işin çətin olduğu qədər, müsbət yönlərinin mövcudluğunu da söyləyir. Samir Kərimov canlıların insanlar kimi ağrı, acını hiss etdiklərini, ətrafda baş verənlərdən xəbərdar olub, duyduqlarını biruzə verdiklərini  qeyd edir.

Samir Kərimov– mütəxəssis: “Qeyd edim ki, hər bir yemin özünəməxsus tərkibi var. Məsələn, balıq üçün elə yem var ki, böyüdür, eləsi var, rəngləndirir. Bilmədən bu yemləri verdikdə əlavə təsir də göstərə bilir”.

Mütəxəssislərin apardıqları araşdırmalara əsasən, evdə heyvan saxlamaq insan psixologiyası üçün müsbət təsir gücünə malikdir. Ev şəraitində bu heyvanların gigiyenik cəhətdən təhlükəli olacağını düşünənlər yanılırlar. Əgər evdəki canlıya təmiz qulluq edilsə, o, heç də mikrob daşıyıcısına çevrilməz. Onlara oyuncaq kimi yox, canlı kimi davranmalıyıq. Unutmaq olmaz ki, onlarla rahatlıq tapa, tənhalıqdan xilas ola bilərik. Çünki bu, dünya praktikasında da mövcuddur.

Almaz Rafiq