• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1698
— 13.05.2016 10:09

Elçin Əfəndiyev...

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, tanınmış ictimai və dövlət xadimi Elçin Əfəndiyev 1943-cü ilin 13 mayında Xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində doğulub. Ailəsinin təsiri ilə hələ uşaq yaşlarından o, milli və dünya ədəbiyyatı ilə tanış ola bilib. “Min gecədən biri” adlı ilk hekayələr kitabı 1965-ci ildə çapdan çıxdıqdan sonra onun  dünyanın müxtəlif dillərində 100-ə yaxın əsəri 5 milyondan çox tirajla nəşr olunub. Yazıçının dramaturji yaradıcılığı heç də onun nəsr yaradıcılığından az əhəmiyyətli deyil. Orijinal konflikt qurmaq ustalığı, bəzən onun nəsr əsərlərindən qaynaqlansa da, dramaturgiyasının özünəməxsus incəlikləri də çoxdur.  “Poçt şöbəsində xəyal” adlı ilk pyesini  yazıçı 26 yaşında yazsa da, lakin senzura bu pyesin tamaşasına icazə vermir. Ona görə də, Elçin Əfəndiyev sonralar həmin əsəri dramatik povest kimi nəşr etdirməyə məcbur olur. Onun “Ah, Paris, Paris!..”, “Mənim sevimli dəlim”, “Mənim ərim dəlidir”, “Mahmud və Məryəm”, “Ağ dəvə” pyesləri Azərbaycanın və xarici ölkələrin teatrlarında böyük uğurla tamaşaya qoyulub. Müasir dövrdə “Elçin və teatr” mövzusu teatrşünaslıqda ayrıca elmi tədqiqat obyektinə çevrilib.

Məryəm Əlizadə -sənətşünaslıq doktoru: “Elçinin dramaturgiyasında intellektual xassəli, mənəvi-psixoloji konfliktin dominantlığı mövcuddur. Düzdür, bu fərqli-fərqli janrlarda öz həllini tapır. Bu janrlar Elçin tərəfindən peşəkarlıqla əks etdirilir, sintez olunur. Hətta, bəzən mən də bu janrları təyin etməkdə çətinlik çəkirəm”.

Yazıçının ssenari müəllifi olduğu “Arxadan vurulan zərbə” filmi bu gün də maraqla izlənən ekran əsərlərindəndir. Bundan başqa “Gözlə məni”, “Mahmud və Məryəm” kimi digər filmlərdə də Elçin Əfəndiyev dəsti-xətti hiss olunur.

Qeyd edək ki, yazıçı, İlyas Əfəndiyevin “Hökmdar və qızı” tarixi dramının mo­tiv­lə­ri əsa­sın­da çə­ki­lən fil­min sse­na­ri mü­əl­li­fi də ya­zı­çı-dra­ma­turq Elçin Əfəndiyev­dir. Azərbaycan tarixininin bütün incəliklərini oxucuya çatdıran ata Əfəndiyev kimi, hər bir detalı izləyiciyə təqdim etməyə nail olan oğul Əfəndiyevin bu ekran əsəri yerli və xarici kinosevərlərin dəfələrlə və sevərək izlədiyi filmlərdəndir.

Bu gün Elçin Əfəndiyevin adı hər bir azərbaycanlı üçün tanış və doğmadır. Çox maraqlı, həm də son dərəcə qürur doğuran odur ki, milyonlarla oxucunun bu məhəbbət və ehtiramını illər, onilliklər də təsdiq edə bilər. Bir yazıçı kimi Elçin Əfəndiyev üçün yaradıcılıq axtarışları heç vaxt tükənməyib və tükəməyəcək.

Eşqin Zahid