• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1704
— 12.05.2016 10:05

Tibb bacıları peşə bayramlarını qeyd edirlər...

Tibb bacısı deyildikdə ağla ilk gələn, həyatının bir qismini öz xəstələrinə həsr etmiş, ağrılarımıza məlhəm olacaq insan, şəfqət bacısı yada düşür. Hələ uşaq yaşlarımızdan onların iynəsi ilə qorxudulsaq da, zamanla həyatımızda və səhhətimizdə etdikləri yardımlara görə, tibb bacıları minnətdar olacağımız insana çevrilirlər. Yerindən, zamanından asılı olmayaraq, daim ağrı, acı hiss etdikdə çarəmiz onlardan kömək istəmək olur.

Adıçəkilən peşənin tarixi Səlcuqilər dövlətinə kimi gedib dayanır. Şərqdə bu sahə inkişaf etdiyi kimi Avropa ölkələrində də tibb bacıları önəmli mövqeyə malikdirlər. Sözsüz ki, zaman və mövcud durum bu sahənin vacibliyini zəruri edib. İnsanlara yardım etməyi peşə halına gətirən şəxsiyyətlərdən biri olan  Florens Naytingeylin doğum günü ilə əlaqədar olaraq, 12 may tarixi tibb bacıları günü kimi qəbul edilib. Zamanla məşhurlaşmağa başlayan bu sahəni könüllü seçənlər də az deyil. Amma həkimlik arzusu ilə universitetə hazırlaşıb, biliyi yetmədiyindən tibb bacısı olanlar da var. İynə vurmağı bacaranın tibb bacısı hesab edildiyinə baxmayaraq, bu peşənin bütün dərinliklərini vicdanla öyrənənlər də az deyil. İşini sevən, ona ürəkdən bağlı olan tibb bacıları bu sahədə gecə-gündüz demədən insanları xilas etməyə çalışırlar. Onların iş prosesləri, əsasən həkimin təyinatı ilə həyata keçirilir. Həkim xəstəni müayinə etdikdən sonra vacib öhdəliklər tibb bacısında olur. Belə ki, o, pasiyentin vəziyyətinə nəzarət etməli, vaxtlı-vaxtında xəstədə olan hallara diqqət yetirməlidir.

Cəmilə Məmmədova - baş tibb bacısı:  “35 ilə yaxındır tibb bacısı kimi fəaliyyət göstərirəm. Peşəmin bir çox çətinlikləri var.  Elə olur ki, gün ərzində 6-dan çox xəstəyə baxmalı oluruq. Onlara xidmət edirik”.

Peşəsinin və vətəninin vurğunu olanlar arasında minlərlə tibb bacısı da var. Onlardan  Nərminə Abbasquliyeva Məleykə Səmanın xidmətləri danılmazdır. Qarabağ müharibəsində tibb bacısı kimi fəaliyyət göstərən bu iki qəhrəman xanım qızğın döyüşlərdə əsgərlərimizə şəfa verən insanlar olublar.

Sözsüz ki, insanlara şəfa vermək hər kəsə nəsib olmur. Bunu yalnız işinə yaxşı bələd olanlar bacara bilər. Bizsə bu müqəddəs peşənin layiqli davamçılarının artması diləyirik.

Almaz Rafiq