• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1708
— 11.05.2016 10:08

Divanə rəssam...

O, 6 yaşında aşpaz, 7 yaşında Napoleon olmağı arzulasa da, böyüdükdə dünyanın ən məşhur sürrealist rəssamı oldu.  Özünün də qeyd etdiyi kimi dəlilərlə onun arasındakı yeganə fərqin onların dəli, özünün isə dəli olmamağı idi. Söhbət dünya incəsənətinin divanə rəssamı Salvador Dalidən gedir...

1904-ci il mayın 11-də İspaniyada anadan olan məşhur və qeyri-adi rəssam Salvador Dali ilk dəfə 10 yaşında olarkən çəkdiyi “Xəstə uşaq” rəsminə baxdıqda sənətkarın valideynlərinin diqqətini cəlb etməyə çalışdığını, qardaşını hər zaman qısqandığını anlamaq elə də çətin deyil.  Bu əsərdən sonra istedadı ortaya çıxan Salvador peşəkar rəssam olmaq üçün daha çox öyrənməyə və rəssamlığın müxtəlif cəryanlarını mənimsəyə qərar verir. Zamanla qabiliyyətini təkmilləşdirən sənətkarın çılğınlığı, uşaqlığından qalma diqqət cəlb etmə aludəçiliyi ona müəyyən problemlər yaratsa da, müəllifə məşhurluq da gətirir. Elə rəssamlıq akademiyasından qovulmasına səbəb də heç kimin onun kaprizlərinə dözə bilməməsi, ərköyün, eqoist hərəkətləri, qarşısına çıxan hər kəsi əsəbiləşdirməsi olub.  

Əbülfət Məhərrəmov– rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü: Salvador Dalinin yaradıcılığında xanımının böyük rolu olub, o, həyat yoldaşından ilham alırdı. Bir müddət ABŞ-da yaşayırlar. Sonra Salvador Dali sürrealistlər birliyində çalışır. Frankonun başladığı müharibə və sonradan vətəndaş müharibəsi onun fikirlərinə təsir göstərir və beləliklə, rəssamı sürrealistlərin sıralarından uzaqlaşdırırlar”.

Rəssamlığın sürrealist janrında möhtəşəm əsərlər yaradan Dali incəsənətin demək olar ki, bütün sahələrinə göz dikirdi. O, heykəltaraşlıqla, fotoqrafiya və kinoyla ciddi şəkildə maraqlanırdı. Hətta bu sahədə daha da irəliyə gedərək, amerikalı animasiyaçı Uolt Disneylə birgə "Destino" adlı qısametrajlı film hazırlayır və bu film "Oskar" mükafatına namizəd olur. Rəssam öz işlərinin dəyərini və əhəmiyyətini vurğulamağı sevirdi. Məsələn, o, müştərinin rəsmlərini çəkərkən rəngləri yaratmaq üçün eşşəkarısı zəhərindən istifadə etdiyini deyir və ona görə bu amilin rəsmin qiymətinə təsir etdiyini söyləyirdi. Bəli, məhz buna görə həmin şəkilin qiyməti  1 000 000 $ civarında olurdu.

Salvador Dalinin  yaratdığı əsərlərə hər bir şəxs fərqli yanaşa bilər, lakin hamı onları yüksək qiymətləndirir, baxdıqca zövq alır. Onun rəsm və portretləri həmişə yerdən yüksəkdə olub. Qəribəliyi ilə daim diqqəti öz üzərinə çəkib. Rəssamı yaşadan və sevdirən də elə onun sirli sürrealizmi və qarışıq təfəkkür tərzidir.

Eşqin Zahid