• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1650
— 10.05.2016 10:15

Tarixi dəyişən, özününsə missiyası dəyişməyən insan...

Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olub. Onlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə xalqın yaddaşına əbədi həkk olunublar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli lideri adını qazanan dünya miqyaslı siyasətçi Ulu öndər Heydər Əliyevin xüsusi rolu var...

Heydər Əliyev 1923-cü il may ayının 10-da Naxçıvan şəhərində dünyaya gəlib. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alıb. 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib, üç il sonra dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu orqanda rəhbər vəzifəyə qədər yüksəlib.

Bir il sonra Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Təhlükəsizlik orqanlarında qüsursuz fəaliyyətinə görə Heydər Əliyev həm Respublika, həm də İttifaq səviyyəsində DTK rəhbərliyi tərəfindən dəfələrlə təltif olun­ub.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda o, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilərək, respublikanın rəhbəri təyin olunub. Bu illərdə onun gərgin fəaliyyəti nəticəsində Azərbaycanda coşqun quruculuq işlərinə başlanıb, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edilib.

İradə Hüseynova – tarix elmləri doktoru: “Çekistin iti zəkası, təmiz əli olmalıdır. Bütün bu keyfiyyətlər Heydər Əliyevə məxsusdur. Bu fikirləri Heydər Əliyevin sələfi Vəli Axundov Ulu Öndər haqda demişdi. Təbii ki, bu bir çox şeylərdən xəbər verirdi. 1969-cu il iyulun 14-də çox düzgün qərar verildi. Azərbaycan onun rəhbərliyi ilə qısa zaman ərzində böyük uğurlara imza atdı”.

Sonralar Sovetlər Birliyi kimi fövqəldövlətin rəhbərliyinə yüksələn Heydər Əliyev heç bir qüvvənin onun zəngin, tükənməz və hərtərəfli dövlət idarəçiliyi istedadının qarşısını almağa qadir olmamasını bir daha sübut etməklə, bütün türk dünyasının fəxrinə çevrilib. SSRİ Ali Soveti sədrinin müavini vəzifəsini icra etsə də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq o, tutduğu vəzifələrdən istefa verib. 

1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. 

Görkəmli dövlət xadimi, xalqımızın Ümummilli lideri Heydər Əliyev 2003-cü ildə səhhətində baş verən problemlərlə əlaqədar Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında müalicə olunub. Sonra isə Ulu öndərin müalicəsi Amerikanın Klivlend klinikasında davam etdirilib. Lakin bütün ömrünü ölkəsinin rifahı naminə onun inkişafına həsr etmiş Ümummilli lider Heydər Əliyev dekabr ayının 12-də, ömrünün 81-ci ilində elə həmin klinikada vəfat edib.

Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə bağlı olub.

 

Eşqin Zahid