• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1672
— 09.05.2016 10:05

Bir qələbənin tarixçəsi...

1945-ci ilin 9 may tarixi bəşəriyyətin faşizmdən azad olunduğu gün kimi qeyd edilir. Bu qələbədə 600 mindən çox vətəndaşı səfərbərliyə alınaraq, birbaşa ön cəbhəyə yola salınan Azərbaycanın da böyük rolu var.

Azərbaycan Böyük Vətən Müharibəsinin əsas ağırlığını öz üzərinə götürən ölkələrdən olub. Ərazisində müharibə getməsə də, bu ölkənin vətəndaşları istər ön, istərsə də arxa cəbhədə böyük şücaətlər göstərərək qələbəyə əvəzolunmaz töhfələr veriblər. Müharibənin başlanması ilə əlaqədar olaraq, Stalinin əmrinə əsasən, azərbaycanlılardan ibarət 77, 223, 396, 402 və 416-cı milli diviziyalar yaradılıb. Bu diviziyalar Simferopol, Odessa, Stalinqrad və digər şəhərlərin azad olunmasında fəal iştirak edib.

Onlardan 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük və şərəfli bir döyüş yolu keçərək, Berlinin süquta yetirilməsində xüsusi qəhrəmanlıq göstərib. Heç təsadüfi deyil ki, müharibə illərində 100-dən çox Azərbaycan vətəndaşı SSRİ-nin ən ali mükafatına - Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min nəfər isə müxtəlif orden və medallarla təltif olunub.

Azərbaycan oğulları faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal iştirak ediblər. Onlar Krım, Ukrayna, İtaliya və Fransada partizan dəstələri və antifaşist müqavimət hərəkatında igidliklə vuruşublar. Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov, Məmməd Əliyev və digər partizanlarımızın xatirəsi bu gün də vətəndaşı olduqları dövlətlərdə ehtiramla yad edilir.

Amansız müharibə təkcə ön cəbhədə döyüşənlər üçün deyil, elə arxa cəbhədə qalanlar üçün də böyük zəhmət tələb edirdi. Azərbaycan neftçiləri Böyük Vətən Müharibəsində əvəzsiz xidmət göstərdilər. Cəbhəni, tank və təyyarələri yanacaqla təmin etmək o dövr üçün müharibənin taleyinin həll olunmasında həlledici məqamlardan hesab olunur. 1941-ci ildə Azərbaycanda neft hasilatı rekord həddə - 23,5 milyon ton istehsal olunaraq, bütün SSRİ-də hasil edilən neftin 71,4 faizini təşkil etdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri keçmiş SSRİ-yə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. Onu da qeyd etmək lazımdır ki, zəngin təbii sərvətlərə və əlverişli coğrafi mövqeyə malik olan Azərbaycanı işğal etmək istəyinin Hitler Almaniyasının planlarına daxil olmasının səbəbi də məhz fürerin Bakı neftini ələ keçirmək arzusu ilə bağlı olub.  

Zülfəli Əliyev- 226-cı diviziyanın döyüşçüsü: “Mazdokda geden döyüş axırıncı döyüş idi və orda ölüm-dirim məsələsi var idi. Biz ya orda düşmənə təslim olmalı, Bakını almanlara verməliydik ya da düşməni geri çəkilməyə məcbur etməli idik. 1942-ci ilin dekabrında biz Mazdokda özümüzə yer tuta bildik”.

Bütün bunlara baxmayaraq, Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfələr keçmiş SSRİ rəhbərliyi tərəfindən lazımınca qiymətləndirilməyərək, Bakının qələbədəki böyük rolu arxa plana keçirilib və qəsdən kiçildilib. Halbuki, Bakıya “qəhrəman şəhər” statusu verilməli idi. Sözsüz ki, azərbaycanlıların müharibədəki xidmətləri və mövqeyi həm almanlara, həm ruslara, həm də azərbaycanlılara çox yaxşı məlumdur.

Eşqin Zahid