• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1700
— 07.05.2016 10:04

Sirrini rənglərə danışan insan...

Mənfi surətləri gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin satira atəşinə tutan Əzim Əzimzadə əsərlərinin əsas mövzusunu sosial təzadlar, adət-ənənələr və xalqın məişəti, gündəlik güzəranı təşkil edir. Cəmiyyətin müxtəlif təbəqələrinin mənfi ünsürləri - xəsis tacirlər, fırıldaqçı din xadimləri, şarlatanlar hər zaman onun satirik qələminin hədəfində olublar.

Xalqının başqa xalqlardan geri qalmasını, miskin, yazıq görünməsini istəməməsi rəssamın sənətini bütün ruhuyla, bütün varlığı ilə sevməsindən irəli gəlirdi. Buna görə də Əzimzadə daim müşahidələr aparır, cəmiyyətin inkişafına maneə yaradacaq problemləri görməyə və onu yaradıcılığında əks etdirməyə çalışırdı. Bu isə zaman-zaman bəzilərini qıcıqlandırır, Əzimzadəyə qarşı kin yaradırdı. Bu səbəbdən sənətkarın dərc edilən bəzi karikaturaları ya imzasız, ya da Şmerlinqin imzasıyla gedirdi. Amma Əzim Əzimzadə dəst-xətti, üslubu özünü büruzə verirdi. Sonralar rəssam həmin karikaturaların altından “mənimdir” yazmaqla müəllifliyini təsdiq etdi. Təqiblərə baxmayaraq o, yaradıcılığını daha da genişləndirdi. Başa düşürdü ki, xalq əvvəl-axır bu qəflətdən oyanmalıdır.

Əbülfət Məhərrəmov – Azərbaycan Rəssamlar İttifaqının üzvü: “Əzimzadə haqqında onu demək olar ki, o nəinki Azərbaycanda, bütün dünya miqyasında ən böyük korifeylər sırasında adı çəkilməyə layiqdir. Sadəcə olaraq onu təbliğ etmək lazımdır”.

Əzimzadənin ilk dəfə  satirik şair Mirzə Ələkbər Sabirin "Hophopnamə"sinə çəkdiyi illüstrasiyalar Azərbaycanda kitab qrafikası sənətinin əsasını qoyub. Bundan başqa, onun teatrlar üçün çəkdiyi geyim eskizləri və dekorasiyalar rəssamlığımızın bu sahədəki inkişafına xüsusi təsir göstərib. 1940-cı ildən isə fərdi sərgiləri təşkil olunan rəssamın əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilib.

Eşqin Zahid