• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1650
— 07.05.2016 10:00

Şuşaya gedən Karvan

Dünyaya gəlməsindən 97 il ötən görkəmli bəstəkar, pedaqoq, Xalq artisti Soltan Hacıbəyli mədəniyyətimizin dahi şəxsiyyətlərindəndir. Dövlət mükafatı laureatı Soltan Hacıbəylinin Azərbaycan musiqisinin inkişafında özünəməxsus xidmətləri var. Bəstəkarın ən unudulmaz əsəri “Karvan” simfonik lövhəsidir. Bu musiqinin daxilində elə bir məlahət və təsir gücü var ki, onu sakit ürəklə dinləmək mümkün deyil. Həmin simfonik əsər ayrı-ayrı parlaq lövhələrlə, cizgilərlə, rəngarəng musiqi vasitələrilə zəngindir. Soltan Hacıbəyli əsərə elə bir intonasiya, ritmik vüsət verib ki, ona qulaq asanda özünü təbiətin sonsuzluğunda - xüsusilə, hüdudsuz səhrada hiss etməmək əldə deyil.

Bəstəkarın güclü musiqi duyumunu Şuşadan aldığı hamıya məlumdur. Sənətkarın musiqi bilgisini daha da genişləndirməsinin səbəbi isə əmisi Üzeyir Hacıbəyli ilə bağlıdır. Soltan Hacıbəylinin bir musiqiçi kimi yetişməsində Şuşa və Üzeyir Hacıbəyli mühiti önəmli rol oynayıb.

Ülviyyə Hacıbəyova- musiqiçi: Onun formalaşma, kamilləşmə dövrü Üzeyir bəyin evində qaldığı dövrdür. Onu öz doğma balası kimi saxlayır. Soltan Hacıbəyli də Üzeyir bəyi həm əmi kimi , həm bəstəkar, həm də ata kimi görür. Ona göstərilən qayğını unutmur”.

50 – ci illərdə S.Hacıbəyli vokal musiqisi sahəsində çalışır. Bir sıra xalq mahnı və muğamlarını xalq çalğı alətləri orkestri üçün işləyir. "Sarı bülbül", "Leyla", "Qarabağ şikəstəsi" buna nümunədir. O, bir çox tamaşalara musiqi də bəstələyib. Bunlardan Mirzə İbrahimovun "Məhəbbət", S.Vurğunun "İnsan", S.S.Axundovun "Eşq və İntiqam", Sabit Rəhmanın "Əliqulu evlənir" və bir çox başqa əsərlərin adını xatırlamaq lazımdır. Bəstəkar eyni zamanda “Gülşən” baleti, “Qızılgül” musiqili komediyası, iki simfoniya, orkestr üçün konsert, bir çox mahnı və romansların müəllifidir. Onun hər bir əsərində Soltan Hacıbəyli ruhunu açıq-aydın görmək mümkündür. Lakin yaradıcılığının heç bir nümunəsi bir-birini təkrarlamır, özünün koloriti ilə tamamilə fəqlənir.

Almaz İbrahimova