• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3329
— 06.05.2016 15:52

Məhv olmaq təhlükəsi ilə üzbəüz olan ipəkçilik yenidən dirçəldiləcək

Heyvandarlıq İnstitutunun Baramaçılıq laboratoriyasına xaricdən yeni ipək qurdu cinsləri gətirilib. Məqsəd odur ki, son 25 ildə məhv olmaq həddinə çatan ipəkçiliyin yenidən dirçəldilməsidir. Bu istiqamətdə irəliləyişə nail olmaq üçün ilin əvvəlindən başlayaraq yerli cinslərin sayının artırılması və onların rayonlaşdırılması işlərinə start verilib.

Qafar Məmmədov- Heyvandarlıq İnstitutunun Baramaçılıq laboratoriyasının müdiri: “SSR-i dağıldıqdan sonra kənd təsərrüfatının başqa sahələrində olduğu kimi ipəkçilikdə də tənəzzül başlamışdı. O vaxt yanacağın olmaması, enerji qıtlığından tut bağları qırılıb məhv edilmişdi. Tut bağları olmadığından tut ipək qurdunun yemlənməsi mümkün deyildi”.

Lakin bu ilin əvvəlindən tut ipək qurdunun yetişdirilməsinin bərpası barədə ölkə başçısı xüsusi göstəriş verib. Heyvandarlıq İnstitutunun Baramaçılıq Laboratoriyasında yerli cins tut ipək qurdları artırılır, eləcə də xaricdən yeni cinslər gətirilir. Bu ilin aprelin 14-də  Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə Çin və İrandan 1750 qutuda 2 növ tut ipək qurdu gətirilib.

Tut ipək qurdları İran İslam Respublikasından gətirilib. Hazırda laboratoriyanın elmi işçiləri tərəfindən ipək qurdları yemlənilir. Həmçinin ipək qurdları üzərində elmi təcrübələr də aparılır.

Tut ipək qurdunun genofondunun saxlanması və qorunması həyata keçirilən baramaçılıq laboratoriyasında onların seleksiyası da həyata keçirilir. Burada 1 ay müddətində yetişdirilən bir qutu - yəni 191 qurddan 80-90 kq barama əldə etmək mümkündür. 1 baramadan açılan ipək sapın uzunluğu isə 1000-1200 metrdir.

Qafar Məmmədov- Heyvandarlıq İnstitutunun Baramaçılıq Laboratoriyasının müdiri: “Bizim burada apardığımız işlər elmi-tədqiqat xarakteri daşıyır. Yəni biz qarşımıza qoyduğumuz məqsədə nail oluruq. Bu baramalar işin xüsusiyyətindən asılı olaraq kəsilir, doğranılır. Yerdə qalan artıq baramalarımız varsa biz onları Şəki İpək Kombinatına veririk. Keçmişdə baramanın 1 kiloqramı 3 manat idi, amma indi inkişafla bağlı qiymətlərə yenidən baxılıb və baramanın 1 kq 8 manata qaldırılıb. Bu da əksəriyyətdə böyük maraq oydır”.

Hazırda laboratoriyada 90-a yaxın tut ipək qurdu cinsi var. Bunların 57-si yerli,  qalanı isə xaricdən gətirilən cinslərdi. Yerli cinslərin də çoxu Heyvandarlıq İnstitutunun Baramaçılıq Laboratoriyasının elmi işçiləri tərəfindən yaradılıb.

Qafar Məmmədov- Heyvandarlıq İnstitutunun Baramaçılıq Laboratoriyasının müdiri: “Gələcəkdə biz planlaşdırırıq ki, 3 yeni cins yaradılsın. Ondan sonra həmin cinslərin kolleksiyada olan bəzi hibritlərlə düzünə- tərsinə hibrit sınağını aparıb, daha sonra Dövlət Sınaq Komissiyasına yeni hibritlər təklif edəcəyik”. 

Laboratoriyanın elmi işçiləri son 5 ildə müxtəlif adlı yeni tut ipək qurdu cinsləri yaradıblar. Onların yemlənməsi üçün isə “Sıx göz”, “Arzu”, “Xanlar”, “Qalib”, “Zərif”, “Firuddin” növündən olan tut ağaclarından ibarət bağ salınıb.

Baramaçılığın və ipəkçiliyin inkişafı istiqamətində atılan addımlar ümid etməyə imkan verir ki, tarixi beşinci əsrdən başlayan Azərbaycan ipəyinin əvvəlki adını, şöhrətini özünə qaytarmaq mümkün olacaq. Bu isə iqtisadiyyatın ənənəvi sahələrinin bərpası ilə yanaşı, həm də regionlarda açılan yeni-yeni iş yerləri deməkdir.  

Elnur Vahidoğlu