• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1715
— 05.05.2016 16:48

“Qadınlar zirvədə“...

“Gəncə 2016 Avropa Gənclər Paytaxtı”nın rəsmi açılış tədbirləri silsiləsində "Qadınlar zirvədə" adlı mərasim keçirilib. Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərliyi ilə keçirilən tədbirdə qadının Azərbaycan cəmiyyətində nə dərəcədə önəmli bir mövqedə dayandığı diqqətə çatdırılıb. Ölkəmizdə gender bərabərliyinin təmin edilməsi əsas prinsiplərdəndir və heç təsadüfi deyil ki, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk dövlətdir. Bu gün Azərbaycanın istənilən struktur qurumunda qadınları vəzifə başında görə bilərik. Qadınların təhsilli olması da olduqca vacib amildir. Çünki savadlı qadın, savadlı ana deməkdir. Tədbirdə Azərbaycan qadını haqqında söylənilən ən gözəl fikir isə bu olub: "Azərbaycan qadınının ən ali vəzifəsi analıqdır, çünki o, vətən uğrunda canından keçməyə hazır olan Azərbaycan Əsgəri yetişdirir".

Hicran Hüseynova -Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri: "Azərbaycanda çox güclü qadın siyasəti təşkil olunub. Çox müasir gənc qadınlarımız var. Bizi sevindirən isə son vaxtlar qadınlarımızın bizə müraciətlərinin əsasında problemlərin deyil, təkliflərin dayanmasıdır. Bir daha bu gözəl layihəyə uğurlar arzulayıram. İnanıram ki, bir il ərzində Gəncə özünü Avropaya sübut edib, bütün dünyaya tanıdacaq. Hər kəs biləcək ki, tək Bakı bizim paytaxtımız deyil, ikinci paytaxtımız da Gəncədir..."

Ruhəngiz Hacızadə