• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1650
— 05.05.2016 10:10

Kinomuzun fatehləri...

Atasının ölüm yatağında “əgər aktyor olmaq istəyirsənsə, digərləri kimi olma”, dediyi, səhnəmizin və kinomuzun “Ağa”sı Ələddin Abbasovun bu gün anadan olduğu gündür. Həyata 92 yaşında gözlərini yuman korifey sənətkar hələ də yaddaşlarda qalmağa davam edir. Ələddin Abbasovun yaradıcılığından danışmaq bir ensiklopediyanı vərəqləməyə bərabərdir. Dostlarının uğurlu insan adlandırdığı aktyor sənətə gənc yaşalarından qədəm qoyub. Ailəsinin teatra qarşı çıxmasına baxmayaraq, o yolundan dönməyib və 47 yaşında hələ də yaddaşlarda iz qoyan Cahandar ağa obraza həyat verib. Aktyor xatirələrində qeyd edirdi ki, Adil İsgəndərovla otaqda söhbət edəndə İsmayıl Şıxlı ora daxil olub və “nə oldu bu boyda Azərbaycanda bir Cahandar Ağa tapılmadı”, deyib. Adil müəllim isə Ələddin Abbasovu göstərərək, “bu oğlan çəkiləcək”, deyib. İsmayıl Şıxlı aktyora diqqətlə baxdıqdan sonra onun bu rola uyğun olmadığını söyləyib. Bir neçə sınaq çəkilişindən sonra isə əsərin yazıçısı “ay sənin qadan alım, elə əsl Cahandar Ağa sənsən”, deyərək obrazını aktyora həvalə edib.

Vaqif Şərifov - Xalq artisti: “Onunla olan dostluğumuz 60-cı illərə dayanar.Biz elə bir dost idik ki, yalnız mənimlə zarafatı var idi. Müxtəlif rollarda oynamışdı. Baxmayaraq ki, filmdə Cahandar ağanı canlandırmışdı, tamaşada da onu oynamışdı. Hüseyn Cavidin “Maral” əsərini ilk dəfə səhnələşdirdik, baş rolda da o oynadı”.

Oynadığı bu rolla məşhurluğunu daha da artıran aktyor sənət uğurlarına görə Azərbaycan Respublikasının Əməkdar artisti və Xalq artisti fəxri adları ilə təltif olunub. Sənətkar “Gözlə məni”, “Koroğlu”, “Nizami”, “Qatır Məmməd”, “Mən ki gözəl deyildim” kimi filmlərdə də yaddaqalan obrazlar yaradıb.

Gəncə torpağının yetişdirdiyi əzəmətli aktyorladan biri də Adil İsgəndərovdur. Elə bir aktyor ki, onun tamaşalarını Cəfər Cabbarlı izləyib, Səməd Vurğun quruluş verib. “Dahi sənətkar gərək ayaq üstə ölər” deyən aktyor 68 yaşında dünyadan köçsə də, saysız obrazlarla can verib. O nəinki yaratdığı obrazlarla, səhnəyə gəlmələrinə kömək etdiyi istedadlarla da mədəniyyətimizin istiqamətini müəyyənləşdirib. İstər müsbət, istərsə də mənfi obrazların məharətli ifaçısı olan Adil müəllimin sevilən rolları sırasında Abbaqsulu ağanın nazı ilə çox oynayan Kərbəlayi, fransızlarla azərbaycanlıların fərqini aydın izah edən Hətəmxan ağa obrazı daha çox sevilir.

Ağakişi Kazımov - Xalq artisti: “Çox həssas qəlbli insan idi. Bir dəfə məni teatrdan kənarlaşdırmışdı. Üstündən qısa müddət keçdi, gəldi məni tapdı, işə çağırdı. Səhnəyə bağlı olanları çox sevirdi”.

Adil İsgəndərovun yaradıcı irsi, doğrudan da, əsl məktəbdir. Və bu məktəbin yetirmələri hələ neçə-neçə illər kinomuzu, teatrımızı yaşatmaq qüdrətinə malik olacaqlar.

Almaz Rafiq