Bakıda “Kamaz”ın vurduğu iki piyadadan biri dünyasını dəyişib. Astarada da piyada vurulub. Bu qəza da itkisiz ötüşməyib. Qobustanda sürücü, Şiravnda isə 3 nəfər yol qəzasında sağlamlığından olub.
Binəqədi rayonunda ağır yol qəzası baş verib. Hadisə Xocahəsən yolunda qeydə alınıb. “Kamaz” markalı su maşını yolu keçmək istəyən iki piyadanı vurub. Ağır xəsarətlər alan Elmixan Qədimov və Xanmusa İsmayılov hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılsa da 52 yaşlı Xanmusa xəstəxanaya çatmadan can verib. Elmixanın vəziyyəti isə orta-ağır kimi qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən sürücü polis tərəfindən saxlanılıb. “Kamaz” cərimə meydançasına yerləşdirilib. Faktla əlaqədar cinayət məcəlləsinin 263.2 yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma maddəsi ilə Cinayət işi başlanıb. Qəzanın baş vermə səbəbləri təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra bəlli olacaq.
Astarada da piyada vurulub. Hadisə şəhərinin “Ləvəngi” ərazisində qeydə alınıb. Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan “Hyundai” yolu keçmək istəyən 54 yaşlı Zahirağa Bağırovu vurub. Zərbənin təsirindən çoxsaylı bədən xəsarətləri alan piyada koma vəziyyətində təcili tibbi yardım maşını ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin səbəb kimi qəza yüksək sürət səbəbbindən baş verib.
Qobustanda isə iki “VAZ” toqquşub. Bakı-Şamaxı-Yevlax yolunun 90-cı kilometrliyində “2106” və “2107”nin iştirakı ilə baş verən qəzada birincinin sürücüsü xəsarət alıb. Deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsi Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həkimlər sürücünün vəziyyətinin olduqca ağır olduğunu bildirir.
Bu gün saat 16:00 radələrində Şirvan-Salyan magistralının Şirvan şəhəri ərazisndən keçən hissəsində isə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Salyan sakini, 27 yaşlı Natiq Qurbanov idarə etdiyi "Opel" markalı avtomobillə Şirvan sakini, 56 yaşlı Balakişi Cəbiyevin sürücüsü olduğu "VAZ 21011"lə toqquşub. Nəticədə "Opel"in sürcüsü və onun sərnişinləri - İlqar Əlizamanov və Mahmud Abdullayrov xəsarət alıblar. Onların üçü də xəstəxanaya yerləşdirilib.
Vüsalə Camal
- Baxış: 690