• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1005
— 15.10.2014 18:31

Bakıda iki piyadavurma hadisəsi olub, gənc oğlan dünyasını dəyişib

Paytaxda bir gecədə iki piyadavurma hadisəsi baş verib. Qəzaların birində 32 yaşlı qadının həyatını xilas etmək mümkün olsa da, digər qəzada 15 yaşlı oğlan dünyasını dəyişib. Hər iki qəzaya səbəb kimi yüksək sürət və sürücü diqqətsizliyi göstərilir.

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində yüksək sürətlə hərəkətdə olan

avtomobil yolu keçmək istəyən 15 yaşlı Məhərrəm Əhmədlini vurub. Hadisə yerində olan azyaşlının valideynləri dərhal təcili yardıma zəng ediblər. Təcili yardım maşını ilə ağır vəziyyətdə xəstəxanaya aparılan Məhərrəm Əhmədli yolda dünyasını dəyişib.

Mərhumun atasının sözlərinə görə, ailəsi ilə birlikdə evlərinə gedən zaman aptekdən dərman almaq üçün avtomobilini yol kənarında saxlayıb. Ata yolu keçib aptekə girmək istəyəndə 15 yaşlı Məhərrəm Əhmədli də onun arxası ilə gedib. Yolu keçmək istəyəndə yüksək sürətlə hərəkət edən avtomobil onu vurub. Sabunçu Rayon Polis Şöbəsinin əməkdaşları piyadanı vuran avtomobili və sürücünü araşdırır. 

 

Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsinin ərazisində də  piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hələlik kimliyi bilinməyən sürücü idarə etdiyi avtomobillə yüksək surətlə hərəkətdə olarkən yolu keçmək istəyən piyada qəsəbə sakini 32 yaşlı Vəfa Rzayevanı vurub. Avtomobil piyadanı vurduqdan sonra sürücü maşınla birlikdə hadisə yerindən qaçıb. Yaralı Vəfa Rzayeva isə digər nəqliyyat vasitəsi ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Dərhal əməliyyata götürülən yaralının həyatını xilas etmək mümkün olub.  

 

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinə məlumat verilib. Polis hadisəni törədib qaçan sürücünün müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində əməliyyat axtarış tədbirlərinə başlayıb.