• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1710
— 04.05.2016 10:08

Əbədi ezam olunan nazir...

Əlimərdan bəy Topçubaşov...  Rusiya Dövlət Dumasının üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri və parlamentin ilk sədri… Maraqlıdır ki, 17 ay parlamentin sədri olan Əlimərdan bəy bir dəfə də olsun, həmin kürsüdə oturmayıb. Hətta sədr seçiləndə də Azərbaycandan kənarda olub.

Tərcümeyi-halına nəzər saldıqda, Topçubaşovun 1862-ci ildə Tiflis şəhərində doğulduğunu,Tiflis gimnaziyasını və Peterburq Universitetinin hüquq fakültəsini bitirdiyini və xristianlığı qəbul edəcəyi təqdirdə universitetdə qalıb müəllim kimi işləyə biləcəyini öyrənə bilərik. İctimai-siyasi fəaliyyətinə isə 1897-ci ildən 1917-ci ilin axırlarına kimi "Kaspi" qəzetinin banilərindən və redaktorlarından biri kimi başlayan Əlimərdan bəy jurnalistliyə addım atdığı dövrdən Bakının siyasi və ictimai mübarizə səhnəsinə daxil olaraq, ömrünün sonuna kimi bu mübarizənin ön sıralarında gedib, onun başçılarından birinə çevrilib.

Hüseyn Bəxtiyarov- tarix elmləri namizədi: “Topçubaşov Azərbaycan xalqının, ümumiyyətlə, bütün türk dünyasının və müsəlman aləmənin mənafelərini müdafiə edən, eyni zamanda çarizmə qarşı xalqın azadlıq hissini çatdıra bilən bir şəxs idi. Hüquq elmləri doktoru səviyyəsində olan bir şəxs - Əlimərdan bəy Topçubaşov Azərbaycan xaqının vətəndaşlarının hüquqlarını bütün sahələrdə qoruyurdu. Artıq cümhuriyyətin yarandığı bir şəraitdə Topçubaşov öz fəaliyyətini bu istiqamətdə də davam etdirdi”.

Bir hüquqşünas alim kimi Azərbaycanın dünya ölkələri tərəfindən tanınması, diplomatik əlaqələrinin yaranması sahəsində var qüvvəsilə çalışan nazir bu sahədə bir çox uğurlar da əldə edə bilib.

1918-ci ildə Gəncədən yola düşən Topçubaşov Tiflis, Batumi marşrutu ilə hərəkət edərək,  İstanbula gedir  və qısa müddətdə Osmanlı sultanı, bir neçə nazir və diplomatla görüşür, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumatlar verir, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparır.

İstanbulda olduğu müddətdə Azərbaycan Xalq Cümhuriyyətinə sədr təyin edilən Topçubaşov İstanbuldan Parisə getməyi və dünya dövlətlərinə Azərbaycan haqqında məlumat verərək, onun de-fakto tanınmasını qarşısına məqsəd qoyur.

Konfransda  Topçubaşovun başçılığı ilə Azərbaycan nümayəndə heyətinin başlıca uğurlarından biri dövrünün görkəmli siyasi xadimi ABŞ prezidenti Vudro Vilsonla görüş olur ki, bu zaman Əlimərdan bəy bilavəsitə özünün iştirakı ilə hazırlanan "Qafqaz Azərbaycanı Respublikasının nümayəndələrinin Paris sülh memorandumu"nu təqdim edir. 14 bölmədən ibarət olan memorandumda ölkəmizin tarixi, etnoqrafiyası, iqtisadi və siyasi vəziyyəti haqqında geniş və ətraflı məlumat verilirdi.  Beləliklə, Cümhuriyyətin xarici işlər naziri Azərbaycanın de-yure tanınmasına nail olur.

Görkəmli xadim Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalından sonra  Parisdə yaşayaraq, ictimai-siyasi fəaliyyətini davam etdirib. Siyasi mühacirətin görkəmli xadimlərindən biri kimi Topçubaşov Fransa rəsmi dairələrinin nümayəndələri ilə görüşüb, Azərbaycanın işğalına son qoyulması uğrunda mübarizədə milli qüvvələrə yardım edilməsi məsələsini qaldırıb, ikitərəfli əlaqələrə dair problemləri müzakirə edib. Bu isə siyasi fiqur olaraq, onun ölkənin tarixi səhifələrində öz möhürünü qoymasına zəmin yaradıb.

Eşqin Zahid